"Azərsun Akademiya"-nın rəhbəri Cəlal Eynullayev: "Bir şirkətin uğurlu fəaliyyətinin 85-90 faizini yaxşı idarəetmə təşkil edir", Bəzən gənclər işi öyrənmək əvəzinə sual verirlər ki, filan vəzifənin maaşı nə qədərdir? Bu düşüncə ilə işlərə yanaşmaq heç vaxt uğur gətirmir, 05.06.2017 2744

"Azərsun Akademiya"-nın rəhbəri Cəlal Eynullayev: "Bir şirkətin uğurlu fəaliyyətinin 85-90 faizini yaxşı idarəetmə təşkil edir"

Bəzən gənclər işi öyrənmək əvəzinə sual verirlər ki, filan vəzifənin maaşı nə qədərdir? Bu düşüncə ilə işlərə yanaşmaq heç vaxt uğur gətirmir

-Cəlal bəy, bir çox insanın həyatda qazandığı uğurlarda onun təhsili və çevrəsi önəmli rol oynayır. Bu dönəm sizin üçün harada və necə keçib?

-Həyatımın böyük hissəsi təhsil almaqla keçib. İbtidai sinifdən doktorantura təhsilimin sonuna qədər fasilə vermədən 25 il təhsil almışam. Orta təhsilimi burada tamamladıqdan sonra bakalavr, magistratura, doktorantura təhsilimi Türkiyədə İzmir şəhərində Doqquz Eylül universitetində almışam. Bu dönəmdə ən böyük dəstəkçim, özü də bir elm adamı olduğu üçün atam olub. Atam hər zaman maddi, mənəvi arxamda dayanıb. Və təhsilimin bütün mərhələlərini tamamlamağa məni sövq edib.

-Azərbaycanın ən böyük şirkətinin akademiyasına rəhbərlik edirsiniz. Şirkətin, eləcə də insanların yaxşı yöndə dəyişməsi üçün nələr edirsiniz?

-Bizim Müşahidə Şuramızın sədri Abdulbari Gözəl başda olmaqla holdinqin rəhbərliyi Azersunda çalışan on minə yaxın insanın inkişafına önəm verir. Akademiyanın yaradılmasının təməl məqsədi  əməkdaşlarımızın inkişafıdır. Binamızda təlim otaqlarımız, kompyuter laboratoriyalarımız, kitabxanamız  fəaliyyət göstərir. Bu imkanlar böyük şirkətlərin əksəriyyətində yoxdur. Akademiya olaraq şirkətlər qrupu əməkdaşlarımızın təlim ehtiyaclarının qarşılanması ilə eyni zamanda performans idarəetmə sistemi, 360 dərəcə qiymətləndirmə sistemi, personalın bilik səviyyəsinin ölçülməsi sistemi, bunun üçün testləşdirmə sistemi, əməkdaşlarımızdan gələn səmərələşdirici təkliflərin qiymətləndirilməsi və bir çox fərqli prosesləri həyata keçiririk. Bunların da əsas məqsədi əməkdaşlarımızı inkişaf etdirmək və onların inkişafı sayəsində fəaliyyət göstərdikləri sahələrdə şirkətimizin fayda qazanmasıdır. Bizim məqsədimiz bu fəaliyyətləri təmin etməkdir.

-Müasir dönəmdə şirkətlərin böyüməsi üçün yaxşı idarəetmə zəruridir. Sizcə, Azərbaycanda şirkətlərin idarəetmədə ən böyük problemləri nə ilə bağlıdır?

-Çatışmayan şeylər çoxdur. Şirkətlərin bazarda böyüməsi və ya kiçilərək yox olmasının əsası idarəetmədən asılıdır. İndiki şirkətlərin əsas problemi uzunmüddətli strateji hədəflərin olmaması, vizionların düzgün və ya heç bir şəkildə müəyyənləşdirilməməsidir. Düşünürlər ki, daha çox necə qazana bilərəm və bazarda mövcudiyyətimi necə davam etdirə bilərəm. Soruşsaq ki, 3 il sonra özünüzü harada, hansı fəaliyyətlərlə məşğul olan, hansı bazarda görürsünüz əksər şirkətlər buna cavab verə bilməyəcəklər. Bir tərəfdən qınamaq da düzgün deyil, çünki qlobal krizis şəraitində, bu qədər devalvasiyalardan sonra şirkətlərin 3 il sonrasına net cavab verməsi çox asan məsələ deyil. Amma əsas odur ki, şirkət rəhbərliyi bu haqda düşünsün. Özü üçün strateji yol xəritəsi hazırlasın. Çətin belə olsa düşünsün ki , mən bura getmək üçün nə etməliyəm. Mənim gördüyüm ən böyük problem odur ki, uzunmüddətli hədəfləri yoxdur.

-Mütəxəssis hazırlığı üçün təlimlər keçirsiniz. Təlimlərdə daha çox qarşılaşdığınız problemlər nədən ibarət olur?

-Özüm təlim sektorunda olduğum üçün iki mövqedən yanaşıram. Azərsunda akademiyanın sayəsində, həm də ondan əvvəl şirkət rəhbərliyinin təlimə verdiyi önəm sayəsində artıq əməkdaşlarımızda təlimlərdə iştirak etmək mədəniyyəti formalaşıb. Ona görə də çox ciddi problemlərlə qarşılaşmırıq. Təlimlərimizi çox vaxt iş saatında edirik. Ona görə ki, əməkdaşların iş saatından əlavə istirahət günlərində təlimə gəlməklərinə üstünlük vermirik. Çünki dincəlmək onların haqqıdır. 5 iş günündən sonra insanlar həftə sonlarını ailələriylə keçirmək istəyir, vaxt ayırmaq istəyirlər. Ona görə təlimlərimizi məcburiyyət olmadığı müddətdə iş vaxtlarında edirik. İş vaxtlarında olan təlimlərdə də əməkdaşların bəzilərinin vacib iclasları olur və ya istehsalat prosesindən gəlirsə düşünür ki, təlimdəmi iştirak edim, yoxsa işlə bağlı vacib nüans var onu həll edim. Belə olduqda həmin müəssisələrimizdə əməkdaşlarımızla görüşürük. Ümumi olaraq ildə on minə yaxın əməkdaşımız təlimlərdə iştirak edir. Və bir neçə təlimlərimiz olur. Onları uyğun qruplara paylaşdırırıq. Azərbaycanda başqa təlimlərdəki problemləri düşünsək birincisi hər mövzuda uyğun təlimçini tapmaq çətindir, təlim vermək istəyən çoxdur amma həqiqətən qarşısındakı auditoriyaya öz biliklərini hansı səviyyədə çatdırır sual altındadır. İkincisi isə təlimdə iştirak edənlər tərəfindən baxdıqda  biraz da təcrübəlidirlərsə lovğalıq, özündən razılıq, komplekslər olur ki, mən gedib niyə təlimdə iştirak etməliyəm, onsuz bunu bilirəm. Buna görə bəziləri mənim təlimə ehtiyacım yoxdur mövqeyini tutur. Bu mövqedə olanların isə təlimə inandırılması əlavə əziyyət tələb edir. Problemi burada görürəm.

-Sizcə, idarəetmənin düzgün qurulması şirkətin fəaliyyətinin uğurlu alınmasında neçə faizlik paya sahibdir?

-Şəxsi fikrimdir ki, ən azı 85-90%-i idarəetmədən asılıdır. İşçilər nə qədər mükəmməl çalışsalar da, nə qədər yüksək istehsal, satış prosesi olsa çox yaxşı nəticələr əldə edə bilərsiz. Amma bir müddət sonra idarəetmə sistemi sizin gördüyünüz işlərin qarşılığını verməyəcəksə o həvəslə çalışan işçilərin motivasiyası bir müddət sonra düşəcək. Belə baxanda şirkətdə dəyişən bir şey yoxdur. Eyni istehsal, daha da yaxşı personal, amma bir müddət sonra görürük ki,vəziyyət əvvəlkindən pisdir. Bunun tək səbəbi idarəetmədir. İdarəetmənin 85-90%-i əməkdaşlara, istehsal prosesinə və onların təkmilləşdirilməsinə yanaşmasından asılıdır.

-Bəzən şirkətlər 4-5 işi eyni anda görə biləcək əməkdaş axtarır, lakin ona cəmi bir işinə görə maaş verir. Belə yanaşmaya münasibətiniz necədir?

-Sualda biraz mübaliğə olduğunu düşünürəm. 4-5 işi bir adamın görməsi çox da real bir şey deyil. Yəni 4-5 vəzifə təlimatını bir adama gördürüb onun bir maaş almasıyla qarşılaşmamışam. Ola bilər ki, bir insanın əsas vəzifəsinin yanında ona 1-2 başqa tapşırıqlar verilsin. Bunlar mümkün hallardır. Hər yerdə görünə bilər. Və normal qəbul edirəm. Əsas odur ki, müəyyən müddətli, layihə xarakteri daşıyırsa, əlbəttə ki normal qarşılanmalıdır. Amma bu artıq onun vəzifəsinin tərkib hissəsi olaraq uzunmüddətli hər zaman bu işləri görəcəksə burada personalın məhsuldarlığını düşünmək lazımdır. Personal həqiqətən əlavə tapşırıqlarla birlikdə işini normal apara bilirsə onda bu onun normal qrafiki ola bilər. Bəlkə də düzgün formalaşdırılması üçün əvvəlki vəzifəsi az təyin olunmuşdu. Bunların hamısı hesablanmalıdır. Amma ona əlavə yük gətirirsə burada onu maaşla dəstəkləmək lazımdır, bəzən maaşla dəstəkləmək kifayət etmir, çünki insan yorulursa 1-2 aya maaşa görə qalıb işləyə bilər. Sonradan fiziki və mənəvi yorğunluğu ona ikiqat maaş verilsə də həmin işləri yerinə yetirməyinə imkan verməyəcək. Əslində insanlar şikayət etməyə meyllidirlər. Yəni əlavə 1-2 tapşırıq veriləndə “mən bir neçə əlavə iş görürəm, amma şirkətim məni görmür” kimi sözlər deyirlər. Mən hər zaman işlədiyim yerlərdə istər Türkiyədə təhsil aldığım müddətdə də işləmişəm, Azərbaycanda da müxtəlif şirkətlərdə işləmişəm. Yanaşmam belə olub ki, hər insan çörək yediyi şirkəti, işlədiyi yeri şəxsi iş yeri kimi görməlidir. Yəni belə düşünməlidir ki, bu mənim şəxsi iş yerim olsaydı onda düşünərdimmi ki, 2-3 əlavə iş görürəm. Məncə düşünməzdik. Əlavə gördüyümüz 2-3 iş şirkətin fəaliyyəti üçün faydalıdırsa və bu müvəqqəti xarakter daşıyırsa, məncə hamı əlindən gələn dəstəyi verməlidir ki, şirkət daha da inkişaf etsin ki, gələcəkdə onun qarşılığını artıqlaması ilə verəcək. Mən o işi gördüyüm anda qarşılığını versinlər gözləntisi çox da düzgün deyil.

-Bir şirkəti sizə həvalə etsəydilər orada idarəetmə sistemini necə qurardınız və həmin şirkətin dəyişməz qaydaları nə olardı?

-Bir şirkət mənə həvalə olunsaydı ilk olaraq orada düzgün hədəflər, idarəetmə sistemini qurardım. Yəni bütün əməkdaşların, proseslərin hədəfləri nədirsə dəqiq şəkildə təyin olunardı. Yəni hamı ondan nə gözlədiyini rəqəmlərlə və ya layihə səviyyəsində düşündüyümüzdə dəqiq anlamalıdır ki, mən filan şeyi bu qədər görsəm şirkətimin gözləntilərini qarşılamış olacam. Və beləliklə “mən bu qədər çalışıram rəhbərliyim məni görmür” sözünü rahat-rahat deməyəcəklər. Çünki onun nə qədər çalışdığı həmin hədəflərdən sonra ortaya çıxmış olacaq. Öz şirkətimin mütləq öyrənən şirkət olmasını təmin edərdim. Yəni, mütəmadi olaraq əməkdaşların öz üzərlərində işləmələri, onların müxtəlif təlim və layihələrdə iştirak edərək özlərini təkmilləşdirməsi və bunun nəticəsində öz biliklərini iş prosesində tətbiq etməsidir. Hər hansı istehsal prosesi, avadanlıq, satışı hamı qura bilir. Amma məndəki personal başqasında olmur. Çünki hər bir insan bir fərddir. Nə siz başqa bir yerdə yoxsunuz, nə də mən. Mənim fərdi inkişafım nə qədər güclü olarsa mən bunu işimə əks etdirə bilərəm. Mütəmadi olaraq öyrənən şirkət yanaşmasıyla çıxış edərəm. Və öyrəndiklərinin də işinə tətbiq etməsi üçün şərait yaradaram. Mənim üçün ən önəmli dəyərlərdən biri vermiş olduğu sözlərə vaxtında əməl etməkdir. Bizim Müşahidə Şurasının rəhbərinin gözəl sözü var. “Biz pul itirə bilərik, amma insanların bizə olan etibarını əsla itirməməliyik.” Çünki əgər etibar itərsə bizim bazarda mövcudluğumuzun heç bir mənası qalmaz.

-Heydər Əliyevin qarşısında çıxışınız var. Həmin çıxışı necə xatırlayırsınız? Nə qədər həyəcanlıydınız?

-O çıxışın üzərindən 20 il keçir. 1997-ci ildə olmuşdu o çıxış. Mən Türkiyəyə təhsil almağa getdiyim zaman, o zaman xarici ölkələrdə təhsil almaq hüququ qazanan tələbələri toplayaraq onlarla görüş keçirilmişdi. Bu da bizim üçün böyük stimul idi. Ulu öndərin də gənclərin təhsilinə, Azərbaycanın gələcəyinə nə qədər diqqət yetirdiyinin göstəricisi idi. O çıxışdan əvvəl də müxtəlif tədbirlərdə çıxış etmişdim. Liseydə oxuduğum zaman olimpiyada komandamız var idi. Beynəlxalq yarışlardan qayıdanda, müxtəlif nazirlərlə görüşdə komanda yoldaşlarım həmişə məni qabağa verirdi ki, komanda adından mən çıxış edim. Çıxışlar üçün biraz təcrübəli idim.  Əlbəttə ki, Ulu öndərin qarşısında çıxış etmək asan deyildi. Həyəcan var idi, amma bu xoş bir həyəcan idi. Bu dahi şəxsin qarşısında çıxış etməyin həyəcanı idi. Səhv edərəm qorxusunun həyəcanı deyildi. Mənim üçün o çıxışın unudulmaz tərəflərindən biri də o idi ki, çıxışımın sonunda Heydər Əliyevə söz vermişdim ki, təhsil aldığım müddətdə Azərbaycanı ən ləyaqətli şəkildə təmsil edəcəm və yaxşı mütəxəssis olaraq təhsilimi başa vurub Azərbaycana qayıdacam. İndi çox sevinirəm ki, geriyə baxdığım zaman təhsil aldığım müddətdə Azərbaycanı çox yaxşı şəkildə təmsil etdiyimi görürəm. Oxuduğum ixtisası birinciliklə başa vurdum. Xarici tələbə olaraq bu həqiqətən asan bir şey deyildi. Və Azərbaycanın o zamankı diaspora fəaliyyətində bizim matəm, bayram günlərimizin hamısında həm təhsil aldığım İzmir şəhərində, həm də Türkiyənin başqa şəhərlərində keçirilən tədbirlərdə çox aktiv olmuşam. Böyük əksəriyyətində aparıcı olaraq iştirak etmişəm. Və təhsilin bütün mərhələlərini başa vurub, Türkiyədə qalıb işləmək şansım olduğu halda Azərbaycana qayıdıb fəaliyyətimi burada qurmaq üzərində düşünmüşəm. O görüşü yadıma saldığınız üçün sizə təşəkkür edirəm. Mənim üçün unudulmaz günlərdən biri idi.

-Bəzi gənclər deyir ki, universiteti bitirsək də uyğun iş tapa bilmirik. Bunlar nə ilə bağlıdır?

-Bizim işə alma departamentimizdə hər il minlərlə insan işə alınır. Böyük əksəriyyəti yeni məzun olmuş və heç bir iş təcrübəsi olmayan insanlardır. Bəzən xüsusi iş müsahibələri olanda məni də çağırırlar komissiyada iştirak etməyə. Görürəm ki, kifayət qədər özünü hazırlamış gənclər var. Təəssüf ki, öz üzərində heç işləməmiş, sadəcə ali təhsilimi tamamladım diplomumu aldım necə aldığı da bilinməyən gənclər gəlir. Heç bir hədəfi olmayan gənclər də gəlir. O gənclərin əlbəttə ki, iş tapması asan bir şey deyil. Məsələn, mühasibatlığı bitirib amma bununla bağlı heç bir anlayışı yoxdur, hətta təsəvvürü yoxdur. Anlayışı olmamağı normaldır ola bilər işləməyib. Amma oxuduğu dərslərdən sual verirsən  bilmir. Ümumiyyətlə iş yerində hədəfi nədir heç bir anlayışı yoxdur. Gənclərə tövsiyəm bu olardı ki, təhsil aldıqları müddətə mütləq üzərlərində işləsinlər. Yalnız ixtisaslarını deyil, eyni zamanda iş mühitində ünsiyyəti öyrənsinlər. Bizim üçün ən önəmli insanın iş mühitində ünsiyyət qabiliyyətidir. O insanın dəyərləri, şəxsi keyfiyyətlətləri çox önəmlidir. Bir insandan yaxşı iqtisadçı, əməkdaş, marketoloq ola bilər amma onun şəxsi keyfiyyətləri yüksək olmadığı halda hər hansı şirkətdə uğurlu ola bilməz. Çünki biz işlədiyimiz zaman daim bir-birimizlə ünsiyyətdə oluruq. Bizim başqasıyla ünsiyyətimiz, ünsiyyət qabiliyyətimiz birbaşa bizim uğurumuza təsir edir. Ona görə də gənclər təlimlərdə, layihələrdə iştirak etsinlər, Heç zaman maaşı birinci düşünməsinlər. Bizim müxtəlif universitetlərdə karyera günlərində iştirak edirik. Hələ məzun olmamış gənclər yaxınlaşırlar, birinci sual bu olur ki, filan vəzifənin maaşı nə qədərdir. Halbuki bu adamın heç iş təcrübəsi yoxdur. Və bir yerdə işləyib iş təcrübəsi qazanaraq daha sonra maaş haqqında düşünməsi daha doğru olar. Onsuz da heç bir şirkətdə kölə kimi işləməyəcək. Hamımız aşağıdan başlayıb yüksələ-yüksələ gəlib bir yerlərə çatmışıq. Əsas tövsiyəm budur ki, əsla maaşın nə qədər yüksək olacağını  düşünmədən, əvvəl öz gündəlik ehtiyaclarını qarşılayacaq qədər maaşla qane olaraq normal iş yerindən başlasınlar. Və onu düşünən gənclərin hamısı iş tapır. Mən hələ elə anlayışda, düşüncədə olub iş tapmayan gənclərlə qarşılaşmamışam.

 

 

Əsmər Qabil

Foto: Seymur Kərimli