İKT eksperti Cahid İsmayıloğlu: "Dini radikalizm çağırışları, pornoqrafiya və şiddət məlumatları asanlıqla ölkəmizə sızır", Azərbaycana daxil olan internetə filtrasiya tətbiq edilməlidir, 02.04.2017 409

İKT eksperti Cahid İsmayıloğlu: "Dini radikalizm çağırışları, pornoqrafiya və şiddət məlumatları asanlıqla ölkəmizə sızır"

Azərbaycana daxil olan internetə filtrasiya tətbiq edilməlidir

-Cahid bəy, ilk olaraq bizə bir az İKT sahəsində əldə etdiyiniz nailiyyətlərdən danışın...

-Mən uzun illərdir ki, bu sahə ilə məşğul oluram. İlk dəfə bu sahəyə gələndə, təcrübə məqsədi ilə başlamışdım. Əsas məqsədim hər hansısa bir maliyyə vəsaiti qazanmaq deyildi. Bu sahədə az-çox qazandığım uğurun sirrini əsas olaraq məhz bunda görürəm. Yeni bir işə başlayanlar istəyirlər ki, dərhal pul qazansınlar. Elə bu da onların işlərinə maneə törədir. Mən sosial layihələrlə Azərbaycan mədəniyyətini və həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyan internet layihələri ilə başladım və burada heç bir maddi maraq güdmürdüm. Mən bu işə başlayanda, internet hələ yeni yayılmağa başlayırdı, çox adam heç internetin nə olduğunu bilmirdi. Məhz həmin dövrdə mən Qarabağ problemi, Xocalı soyqırımı, Azərbaycan mədəniyyəti ilə bağlı internet saytları hazırlamağa başladım. Bununla da bu istiqamətdə öz təcrübəmi artırırdım. Paralel şəkildə müəyyən layihələrdə, kurslarda,  iştirak edirdim. Müəyyən proqramlaşdırma texnologiyalarının sirlərini öyrənməyə başladım. Hal-hazırda da İKT sahəsində professional şəkildə fəaliyyət göstərirəm.

-Azərbaycanda pirat kompüter proqramları həddən artıq çoxdur. Bu proqramlar kompüter istifadəçilərinə necə zərər vura bilər?

-İnternet və informasiya texnologiyalarının bir çox istiqamətləri var. Olduqca çoxşaxəli bir sahədir. Kompüter avadanlıqlarının proqram təminatları da həmin informasiya texnologiyalarının bir istiqamətidir. Müstəqilliyimizi əldə etdiyimiz dövrdə bir keçid yaşadıq və bu dövrdə bir çox sahələr nəzarətdən kənarda qaldı. Bununla da pirat kompüter proqramları ölkəmizdə geniş şəkildə yayılmağa başladı. Demək olar ki, əksər fərdi şəxslərin şəxsi kompüterlərində, hətta, bəzi dövlət qurumlarının daxilindəki kompüterlərdə lisenziyasız proqramlar təşkil olundu. Xarici təcrübələrdə belə hallarda böyük məbləğdə cərimələr tətbiq olunurdu. Amma bizim kimi yeni inkişaf edən, inkişaf etməkdə olan dövlətlərdə belə hallara o qədər də ciddi yanaşılmırdı. Mən deyərdim ki, son dövrlərdə Azərbaycanda pirat proqramların əməliyyat sistemlərinin istifadəsinin qarşısı artıq dövlət səviyyəsində alınmağa başlayıb. Güc strukturları artıq pirat proqramlarının yazılması və satılması ilə məşğul olan kommersiya obyektlərini cərimələyirlər. 

-Sizcə, hazırda kompüterdən normal qaydada isifadə edən bir şəxs lisenziyalı proqramlara nə qədər vəsait xərcləməlidir?

-Bu, əslində, bazarla tənzimlənməlidir. Doğrudur, proqramların lisenziyalı şəkildə istifadə olunması üçün  vətəndaşlar və dövlət orqanları müəyyən vəsait ödəyirlər. Amma bu vəsait Azərbaycan vətəndaşının cibinə uyğun olan bir vəsait deyil. Minimum əmək haqqı ilə müqayisə olunsa, görərik ki, istifadə edilən həmin əməliyyat sistemlərinin həcmi minimum əmək haqqının iki qatına bərabər olur. Buna görə də vətəndaş istər-istəməz  bu proqram təminatlarını başqa yollarla pirat şəkildə istifadə edir. Bunlar paralel şəkildə həyata keçirilməlidir. Vətəndaşın maliyyə büdcəsi artdıqca o, pirat proqramlardan təbii ki, istifadə etməyəcək. Lisenziyalı proqramlardan istifadənin də öz üstünlükləri var. Pirat proqramlar təhlükəsizlik, funksional və zəmanət cəhətdən qənaətbəxş deyil. Aydın məsələdir ki, əməliyyat sistemləri müəyyən müddət ərzində yenilənir. Amma pirat proqramlar həmin yenilənmə prosesindən kənarda qalır. Bu da sonradan kompüterlərə asanlıqla virus düşməsinə və ya kompüterlərin xarab olmasına gətirib çıxara bilir. Bunun üçün də, imkan daxilində çalışmalıyıq ki, lisenziyalı proqram təminatlarından istifadə edib işimizi daha keyfiyyətli şəkildə quraq. 

-Azərbaycanda internetin filtrizasiyası varmı? Belə bir sistemin olmaması hansı problemləri yaradır?

-Biz həmişə qürurla deyirik ki, Azərbaycanda azad internet mühiti var. Əslində, biz həqiqətən də, buna nail olmuşuq. Amma bu azadlıqları müəyyən dərəcədə süzgəcdən keçirmək lazımdır, həmin o dediyimiz filtri tətbiq etmək lazımdır. Çünki informasiya məkanı çox genişdir. Dünyada o qədər zərərli informasiyalar var ki. Bu zərərli informasiyalar indiki azad internet mühitində Azərbaycan cəmiyyətinə çox asanlıqla sızır. Məsələn, hər hansısa dini qrupların yaydığı informasiyalar, müəyyən pornoqrafik və şiddət xarakterli məlumatlar, pirat proqramların yayılması ilə məşğul olan xüsusi saytlar. Bütün bunlar Azərbaycan internetinə filtrin tətbiq edilməsi ilə həll oluna biləcək məsələlərdir. Biz bu prosesdə gecikirik. Dünya internetində zərərli saytların siyahısı tərtib olunmalıdır və provayderlər tərəfindən əhaliyə göstərilən internet xidmətlərində həmin saytların açılmasına qadağa qoyulmalıdır. Biz ən çox yeniyetmələrin internetdən sağlam şəkildə istifadə etməməsindən şikayətlənirik. İndiki mühitdə bu qeyri-mümkündür. Çünki yeniyetmələr asanlıqla internetdə zərərli informasiyalar əldə edə bilərlər. Avropada hər hansısa bir ailədə yeniyetmə fərdlər varsa, həmin ailə “yeniyetmə paketi” adında provayder tərəfindən təqdim edilmiş internet xidmətindən istifadə edir. Bu paketdə həmçinin, 18 yaşına çatmamış şəxslərin sosial şəbəkələrdə qeydiyyatdan keçməsi də qadağandır. Gördüyünüz kimi bütün incəliklər nəzərə alınıb. Amma bizdə orta məktəb şagirdləri yaşlarını artıraraq sosial şəbəkələrdə qeydiyyatdan keçirlər və həmin zərərli informasiyaları əldə edirlər.

-Azərbaycanda provayderlərin təqdim etdiyi internet qiymətlərini necə dəyərləndirirsiz? Qonşu ölkələrlə müqayisə edə bilərikmi? Qiymətlərin ucuzlaşması üçün sizcə, hansı tədbirləri icra etmək vacibdir?

-Hal-hazırda Azərbaycanda bir çox kiçik provayderlər fəaliyyət göstərirlər. Amma provayderlərə interneti satan ölkənin baş provayderidir. Bu mənada rəqabət mühitindən danışmaq bir az çətin olar. Çünki bir qiymət qoyulur və o qiymətə əsasən də yerli provayderlər əhaliyə internet xidməti göstərirlər. Ümumiyyətlə, ölkənin mükəmməl internet xidməti ilə təmin olunması üçün birinci şərt internet infrastrukturudur. Yəni, ölkə başdan-ayağa, şəhər mərkəzindən ən ucqar kəndə qədər optik internet xətləri ilə təmin olunmalıdır. Bu təmin olunduqdan sonra azad rəqabət mühiti yaradılmalıdır. İnterneti alıb ölkəyə yayan şirkətlərin sayı artırılmalıdır, bir provayderdən asılılıq olmamalıdır. Bu şərtlər olduğu təqdirdə artıq ölkədəki internetin həm keyfiyyətində, həm də qiymətində müsbət yöndə dəyişikliklər baş verəcək.

-Belə bir iddia var ki, internet provayderləri öz aralarında paytaxtı sektorlara bölüblər və biri digərinin ərazisinə girmir. Sizin fikrinizcə, belə bir şey varmı və bu, qiyməti yüksəldən səbəblərdən biri ola bilərmi?

-Əlbəttə. Əslində, provayderlər azad şəkildə marketinq və reklam vasitəsilə əhalini cəlb etməlidir. Əgər əvvəlcədən razılaşdırılıb regionlar hissə-hissə bölünürsə, o zaman provayder vətəndaşa  keyfiyyətli və ucuz internet xidməti göstərməkdə maraqlı olmayacaq. Burada bir növ, rəqabət mühiti itəcək. Eyni zamanda, vətəndaşın alternativ seçim etmək hüququ da olmayacaq.  Provayder deyəcək ki, burda mənəm, vəssalam, başqa variant yoxdur. Buna görə də vətəndaş provayderin qoyduğu həmin internetdən məcburi şəkildə istifadə etməli olacaq. Burada vətəndaşın hüququ pozulacaq, provayder isə istifadə olunan internet infrastrukturunun inkişafında, avadanlıqların daimi dəyişməsində, keyfiyyətin təkmilləşməsində maraqlı olmayacaq. Amma indi belə tendensiya müşahidə olunmur. Biz monitorinq keçirsək, görərik ki, əsas mərkəzi yaşayış yerlərində vətəndaş alternativ olaraq provayderlərin imkanlarından seçim edərək istifadə edə bilirlər. Sadəcə olaraq provayderlər marketinq siyasətini düzgün qurmalıdırlar. 

-Azərbaycanda dövlət, eləcə də özəl sektora aid internet resurslarına kiberhücumlar ən çox haradan olur və bu hücumların məqsədi nədir?

-İnternet mühitində, informasiya texnologiyaları sahəsində ən önəmli istiqamətlərdən biri də təhlükəsizlik məsələsidir. Bu məsələnin bir çox aspektləri var. İki istiqaməti misal göstərmək olar: zərərli informasiyalardan qorunmaq və bizimçün əhəmiyyətli olan informasiyaları qorumaq. Bunlar müxtəlif texnoloji üsullar vasitəsilə həyata keçirilir, bu üsullar da daim inkişaf edir. Bu kimi hücumları təşkil edənlər eyni zamanda, düşmən dövlətlər də ola bilir. Müəyyən haker qrupları ilə saziş bağlayırlar. Azərbaycana kiberhücumlar ən çox Rusiya, Ermənistan, Çin və digər ərazilərdən həyata keçirilir. Bu hücumların qarşısında sığortalanmaq mümkün deyil. Nə qədər ki, informasiya mühiti var, haker hücumları, informasiya resurlarımıza qarşı təhdidlər həmişə olacaq. Biz sadəcə informasiya resurslarımızın, proqram təminatlarımızın təhlükəsizliyini maksimum şəkilə artıra bilərik. Bunun üçün də müxtəlif proqram təminatları mövcuddur.

-Sosial şəbəkələrdə və poçt ünvanlarında parolların başqa şəxslərin əlinə keçməsinin qarşısını almaq üçün nələrə diqqət etmək və nələri etmək lazımdır?

-İnformasiya təhlükəsizliyi geniş bir sahədir. Hər bir fərdin özünün bir informasiya məkanı var. Onun şəxsi kabinetindən, sosial şəbəkə hesablarından, elektron poçt ünvanından tutmuş, öz telefonunun, şəxsi kompüterinin yaddaşında olan informasiyalar onu şəxsi informasiya təhlükəsizliyini təmin eləməyə məcbur edir. Bunlar ikinci bir şəxsin və ya pis niyyətli şəxslərin əlinə keçə bilər. Bank hesablarını, kart məlumatlarını, elektron poçt və ya sosial şəbəkə məlumatlarını ələ keçirsələr, istənilən şəkildə istifadə edə bilərlər. Bu və ya digər yollarla həmin fərdlərə asan şəkildə maddi və mənəvi zərər vura bilərlər. 

Bu istiqamətdə WEB texnologiyaları hər bir şəxsin öz hesabının təhlükəsizliyini təmin etməsi üçün mükəmməl imkanlar təklif edir. Sadəcə o imkanlarını öyrənib tətbiq etmək lazımdır. Bizim vətəndaşların əksəriyyəti isə sosial şəbəkələrdən qeydiyyatdan keçərkən oradakı təhlükəsizlik təlimatlarına diqqət yetirmirlər, tənbəllik edib o mətnləri oxumadan üstündən keçirlər. Məsələn, açar suallar verilir, amma həmin sualların cavablarına ağıllarına gələni yazır və onu yadda saxlamırlar. Amma sonradan oğurlanmış elektron poçt ünvanını və ya itirilmiş sosial hesabını bərpa etmək üçün o cavablara ehtiyac duyurlar. Təbii ki, əvvəlcədən qeyri-ciddi yanaşan şəxs bu hesabları bərpa etməyə nail ola bilmir. Texnologiya ilə insanın bir-birini tanıması üçün həmin o texniki imkanlar vacib şərtlərdir. İndi texnologiyalar inkişaf edib. Hər hansısa bir elektron poçt ünvanına kənar cihazlardan daxil olduqda doğrulama kodu göndərilir. Mən çox insanda müşahidə etmişəm ki, bu kodu aktiv etməyiblər. İnsanlar bu imkanlardan maksimum dərəcədə istifadə edib, öz şəxsi informasiya mühitlərinin təhlükəsizliyini təmin edə bilərlər.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli