Tanınmış diş həkimi Cabbar Həsənov: "Azərbaycanda implantologiya Ermənistan və Gürcüstandan ən az 10 dəfə daha çox inkişaf edib", Biz bütün pasiyentlərlə müqavilə bağlayır və onlara gördüyümüz işin zəmanətini veririk, 24.05.2017 1514

Tanınmış diş həkimi Cabbar Həsənov: "Azərbaycanda implantologiya Ermənistan və Gürcüstandan ən az 10 dəfə daha çox inkişaf edib"

Biz bütün pasiyentlərlə müqavilə bağlayır və onlara gördüyümüz işin zəmanətini veririk

-Cabbar doktor, stomatologiya sahəsinə gəişinizdən başlayaq. Bu sahəni özünüz, ya ailəniz seçib? Nə vaxtdan bu sahədə özünüzü görməyə başladınız?

-Hər kəsin həyatında kumiri və ya yol göstərəni olur. Gəncliyimdə çoxlu kitab oxuyurdum. Hərdən olurdu ki, o kitablar mənim həyatımı dəyişirdi. Bir kitab oxuyandan sonra mühəndis, digərini oxuduqdan sonra həkim olmaq istəyirdim. Bəzən də təyyarəçi olmaq istəyirdim. Amma sonra fikrim dəyişdi. Bizim kənd həkimlər kəndidir (Naxçıvan MR, Nehrəm kəndi). Burada xüsusilə stomatoloqlar daha çoxdur. Bizim kənddə hazırda da yaşayan bir həkim var. Olduqca yaşlıdır. O, bizə nümunəydi. Hər kəs onu çox sevirdi. Mən də ona baxıb diş həkimi olmaq qərarına gəldim. Sonralar diş həkimi işlədikcə, işi inkişaf etdirdikcə, bu sənəti sevməyə başladım. Bir dəfə həyatımda bir an yaşadım və o zaman bildim ki, mən həkiməm, həkim olmalıyam. 1986-cı ildə həkimliyə başlamışam. 1992-ci ildə Naxçıvandan Bakıya köçdüm. Bakıya köçəndə bir müddət işləmədim. Doğrusu, başqa sahədə işlədim. Gəlirim, dolanışığım hər şey əla səviyyədə idi. Amma heç xoşbəxt deyildim. Özümü çox boşluqda hiss edirdim. Ağ xalatlı adam görəndə ona dəqiqələrlə baxırdım. Onda başa düşdüm ki, yalnış yoldayam. Pul, biznes, yaxşı həyat – bunlar hər şey demək deyil. Anladım ki anam məni həkim doğub. Və geri döndüm stomatologiyaya. Hazırda çox xoşbəxtəm.

-Bir çox hallarda vətəndaşlar diş həkimi deyib gedir, ancaq sonra hansısa dişində problemlər yaranarkən öyrənir ki, bu adam heç də həkim deyilmiş. Peşəkar həkimləri vətəndaşlar öncədən necə müəyyən edə bilərlər?

-İndi çox informativ bir zamanda yaşayırıq. Özünə hörmət edən həkimlərin, klinikaların hamısının veb saytları var. Həkim harada təhsil alıb, hansı səviyyədədir, klinika hansı səviyyədədir bunları müəyyən eləmək heç də çətin deyil. Bəzən insanlar sadəcə ucuz olsun, evimə yaxın olsun, tez olsun deyə yanlış seçim edirlər. Amma biz harda olursa olsun yaxşı həkim, yaxşı klinika axtarmalıyıq. Heç kəsin – dövlətin, aidiyyatı orqanların belə bilmədiyi Azərbaycanda və dünyanın hər yerində diplomu olmayan, gizli işləyən stomatoloqlar var. Dünyanın ən inkişaf etmiş ölkələrində belə dövlət bununla mübarizə apara bilmir. Çünki kimsə evində nəsə iş görürsə, bunu bilmək elə də asan deyil. Amma bir vətəndaş dişini düzəltməyə gedirsə, hara getdiyini bilir. Girdiyi məkanı görür. O məkanda sterilizasiya varmı, yoxmu bilir. Bilmirsə, soruşa bilər. Sadəcə, rahat şəkildə həkimə sual verə bilər haranı, nə vaxt bitiribsiniz deyə. Adətən stomatoloqların yanına tanış məsləhətiylə gedirlər. Tanışlarından həkimin necə olduğunu soruşa bilərlər. Həkim olmaq belə hər şey demək deyil. Məsələn həkimdir, 1985-ci ildə universiteti bitirib. Həmin ildən bu yana bilirsinizmi nə qədər şey dəyişib ? Dünya 5 dəfə dəyişib. Sadəcə stomatologiyadakı inkişaf digər texnoloji inkişafa nisbətən gizlindədir. Əgər həkim illər əvvəl universiteti bitirib və o gündən bugünə  heç cür təkmilləşməyibsə, elə o da “həkim deyil” kimi bir şeydir.Tibb Universitetini bitirmək belə azdır. Bitirməyənlərin bu işlə məşğul olması isə həqiqətən faciədir. Bunun qarşısını kim ala bilər? Bayaq da qeyd etdim dövlət orqanları belə acizdir. Sterilizasiyasız alətlərlə müalicə alır, qeyri-təmiz şəraitdə diş düzəldilir insanlara. Həmin insan düşünmür ki, ona “Hepatit C” düşə bilər ? Bunun günahkarı insan özüdür. Getdiyi yerə diqqət yetirməlidir. Hər bir həkim ömür boyu öz üzərində işləməlidir. Biz 10 il əvvəlin müalicə üsullarıyla heç nə edə bilmərik. Konfranslara, simpoziumlara getməyə məcburuq. Amma bura hər kəs getmir. Bizim işimizi pasientlər qiymətləndirir. Bəzən insanların beyinlərində dişləriylə bağlı şübhələr qalır. Bu şübhələr qalmasın deyə doğru həkim, doğru klinika seçmək lazımdır. İnternetdə baxsanız hansı klinikaların aktiv olduğunu görəcəksiniz. Pasientlər əvvəlcə özlərinə sonra isə bizə dəyər verirlər.

-Stomatologiya elə bir sahədir ki, burada istifadə olunan alətlərin sterilizə olunması çox vacibdir. Standartlara uyğun olaraq alətlərin sterilizə olunub-olunmamasını xəstələr necə müəyyən edə bilər?

-İstənilən siyirməni çəkib baxa bilərsiniz. Bütün alətlər sterilizə olunmuş qablaşdırmadadır. Ən adi elementar bir qayçıdan tutmuş tutqaca qədər. Bu sterilin kodu var kənarında. Sterili bildirən rəng qəhvəyi rəngdədir. Steril olmayanda bu başqa rəngdə olur. Bu lazımı şərait lazımı temperaturda steril olursa, qəhvəyi rəngə çevrilir. Burada steril edən adamın adı və steril edilmə tarixi var. Əgər burada neqativ bir hal olarsa, həmin adam bu alətə cavabdehdir. Bu bizim daxili strukturumuzdur. Tələb olunmayan yerdə belə steril edirik. Burada həkim olmağa ehtiyac yoxdur. Sadə, saf  bir insan düşüncəsi lazımdır. Həkimin əlinin toxuna biləcəyi hər bir yer sarınıb.

-Stomatologiya sahəsində Azərbaycan inkişf etmiş ölkələrlə müqayisədə nələrdə geridə qalır və bunu aradan qaldırmaq üçün sizcə hansı addımlar atılmalıdır?

-Məncə, hər yerdə, hər sahədə insanlara azadlıq vermək hər şeyi həll edir. Bugün Azərbaycan stomatologiyası azaddır. Hər şeyə də qadirdir. Bugün Azərbaycan stomatologiyası fikrimcə 90% özəl sektorun, 10% isə dövlətin payına düşür. Dövlət sektorunda uşaq və bəzi aidiyyatı orqanların stomatologiyası var. Böyüklər üçün olan poliklinikaların hamısı özəlləşdirildi və sərbəst buraxıldı. Düşünürəm ki, bu düzgün addımdır. Bu azadlıq, azad rəqabət, azad inkişaf deməkdir. Bu stimulun nəticəsi kimi Azərbaycan stomatologiyası çox öndədir. Məsələn, MDB məkanında yer alan dövlətlərlə müqayisədə bu sahədə nümunəvi stomatologiyaya sahibik. Məsələn, mən hər ay konfranslara gedirəm. Getdiyim ölkələrdəki klinikalara baxıram, maraqlanıram. Onlar da gəlib bizimlə maraqlanır. Bu bir istəkdir. Bakı şəhərində çox səviyyəli stomatoloji klinikalar var. Biz də öz klinikamızda bacardığımız qədər hər şeyi inkişaf etdirməyə çalışırıq. Avadanlıqlarımız müasir səviyyədədir. Köhnəlmiş, tələbata cavab verməyən avadanlıqları dəyişirik, ikinci əl kimi satırıq, ya da pay veririk. Azərbaycan stomatologiyasını Amerika, Avropa stomatologiyası ilə müqayisə edərdim. Özəlliklə, implantologiya ölkəmizdə çox inkişaf edib. Gürcüstan və Ermənistan implantologiyasının ikisini üst-üstə qoysaq, Azərbaycan ikisindən bir yerdə 10 dəfə güclüdür. Bu sevindirici haldır. İmplantologiya üzrə ölkəmizdə tez-tez konfranslar, simpoziumlar keçirilir. 2005-ci ildən respublikamızda İmplantologiyanın Beynəlxalq Xəzər konfransı keçirilir. Dünyada nüfuzlu və tanınan konfransdır. Bu konfrans cari ilin oktyabr ayının 27-si, 29-na planlaşdırılıb. Stomatologiyanın inkişafı üçün tez-tez Gəncədə seminarlar təşkil edirik. İldə bir dəfə Naxçıvana gedirik. Bu ilki Naxçıvan seminarı iyunun 10-na təyin olunub. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi açılıb. Orada stomatologiya şöbəsi də var. Onlarla çox gözəl əməkdaşlığımız var. Naxçıvan MR Səhiyyə Nazirliyi bizimlə ciddi əməkdaşlıq edir. Bütün respublika ərazisindəki tələbələri, həkimləri yığır. Stomatologiyanın müxtəlif sahəsinə aid həkimlər orada yer alır. Maraqlı seminarlar təşkil edirik. Məqsədimiz odur ki, ən uzaq bölgələrimizdə belə stomatologiya yaxşı səviyyədə olsun. Gənc nəsil öyrənmək istəyir. Bu sevindirici haldır. Bölgələrimizdə inkişaf önəmlidir. Çünki oradakı insanlarımız normal xidmət görmək, müalicə almaq istəyirlər. İnsanların dişi boşuna çıxarılırsa, biz həkimlər onlara zərər vermiş oluruq. Bu zaman insan öz həkim adından utanır. Buna görə də inkişafı bölgələrlə paylaşmaq çox önəmlidir. Normal şəraiti olmayan yerlər xalqın nəzarətində olmalıdır. İnsanlar belə yerə getməməlidir

-Klinikada qiymət siyasətini müəyyənləşdirərkən hansı meyarları əsas götürürsünüz və sizcə qiymətlər müştəriləri nə dərəcədə qane edir?

-Qiymət məsələsi biraz çətin məsələdir. Stomatologiya azaddırsa, qiymətlər də azaddır. Ən yaxşı materialları istəyiriksə, Avropa standartlarında stomatologiya istəyiriksə, qiymət normaldır. Elə olmalıdır ki, bu dediklərimizi təyin edə bilək. İmplantlar, avadanlıqlar, dərmanlar Avropadan gəlsin, amma qiymət ən aşağı səviyyədə olsun. Bu mümkün deyil. Azad stomatologiyanın azad qiymət siyasəti olmalıdır. Məsələn, Türkiyədə qiymətin yuxarısına deyil, aşağısına məhdudiyyət var. Yuxarı qiymət sərbəstdir. Eləcə də dünyanın bir çox ölkələrində qiymətin minimalına məhdudiyyət var. Məsələn deyək ki, bir dişin çıxarılması 20 manatdan aşağı ola bilməz. Səbəb odur ki, bir dişin çıxarılması üçün bir ədəd keyidici şpris, anestetik, əlcək, sterilizasiya şəraiti, tibb bacısı, həkim, resepşn lazımdır. Bütün bunlar kalkulasiya olunur. Bir klinikanın gün ərzində nə qədər xəstəyə baxma həcmi hesablanır. Və burada bir dişin çıxarılmasına nə qədər vaxt sərf olunur. Bu da hesablanır ki, dişin çıxarılması 20 manata başa gəlir. Klinikanın gəliri də 10 manat olaraq hesablanır. Əgər həkim dişi 15 manata çıxardırsa, deməli sayılanlardan biri yoxdur və ya əskikdir.10 manat qənaət edərək pasientə bir infeksiya bağışlaya bilərsən. Halbuki o xəstəliyi 100 min manata belə müalicə  edə bilmirsən. Bu da qaydaların pozulmasıdır. Belə olmaz. Türkiyədə  Diş Həkimləri Odası rəsmən aşağı qiymətə limit tətbiq edir. Bu qayda çox xoşuma gəlir. Məntiq var, doğrudur. Biz isə balansı qorumağa çalışırıq.

-Kimsə gəlib dişini müalicə etdirirsə edilən müalicəyə zəmanət məsələsi necə olmalıdır? Məsələn həkimin səhvinə görə adamın dişində əlavə probem yaranarsa onu həll etmək üçün əlavə vəsait tələb edilməlidirmi?

-Bizim sənədləşməmiz çox güclüdür. Hər bir həkim sənədləşmə aparmalıdır. Bizim klinikada buna blank və ya anket deyirlər. Hər bir pasientimizlə müqavilə bağlayırıq. Pasienti müayinə edib hansı xidmətləri göstərəcəyiksə, hər birini yazırıq. Xəstənin 20 il əvvəl hansı dişinə nə etmişiksə hamısı burada yer alıb. Bu çox mühüm və qiymətlidir. İmplantasiyanın müddəti 4-5 bəzən 6 ay çəkir. Biz həmin müddətdə nələr edəcəyimizi sadəcə sözdə desək, bunların yadda qalma şansı çox aşağıdır. 2004-cü ilə aid rentgeni belə saxlayırıq. Bu rentgen arxivdir. Bu müqavilə bizim qoruyucu sənədimizdir. Burada dişi hansı materialla necə doldurmuşuq, hansı dişdir və s. hamısı yer alıb. Mən ölsəm belə, bu arxivlər qalacaq. Bu sənəd həm də pasientlərimizin qarantıdır. Bütün prosedurlar bu sənədlərdə yer alıb. Dişlərini təmiz saxlamaqları və onların qeydinə qalmaqları durumunda qarantiya veririk. Burada bir qədər də pasientlərimizi qorxuduruq ki, öz qeydlərinə qalsınlar.

-Azərbaycan İmplatoloqlar İctimai Birliyini yaratmısınız. Bu birliyin indiyədək fəaliyyəti və uğurları nələr olub?

-Bu zərurətdən doğan və içimizdən gələn bir istəkdir. 1998-ci ildən biz implantasiya ilə məşğuluq. Surov Oleq Nikolayeviç adlı litvalı müəllimim var idi. O bilirdi ki, Azərbaycanda implantologiya yoxdur. Ona görə də mənimlə çox maraqlanırdı. Məni başa salırdı ki, həmişə öyrən və öyrət. Deyirdi ki, tək səninlə heç nə olası deyil. Hamıya bunu öyrət, toplaşın, bir olun və güclü olun. Həqiqətən də belə oldu. Əvvəllər mənə deyirdilər ki, niyə öyrədirsən ? Sən bu işə birinci başlamısan axı. Hər şey sənin olsun. Amma bu doğru düşüncə deyil. İndi hər şey mənimdir. Çox böyük  və güclü Azərbaycan implantologiyası var. Çoxlu dostlarım, ətrafım və birliyimiz var. Fərq çoxdur. Ona görə bu cəmiyyət yarandı. Bu cəmiyyətin özəyi Hökumət Evinin yanındakı klinikada kiçik bir  gözləmə otağımız var idi. Ayda bir dəfə bütün Azərbaycan implatonqları orada yığışırdıq. Cəmi 10-12 nəfər idik. Yavaş-yavaş kurslar təşkil etməyə başladıq. 2005-ci ildə ilk konfransımızı çağırdıq. Özümüz də tərəddüd edirdik ki, xaricdəki adamlar gələrmi gəlməzmi deyə. 10 nəfər implantoluqu olan ölkədə beynəlxalq konfrans keçirilə bilərmi ? Bu sual bizi rahat buraxmırdı. Gəlməsəydilər nələr olacaqdı ? Bəs yerli iştirakçılar gəlməsəydi nələr olardı ? Çox həyəcanlıydıq. Hər iki tərəf dəstək verdi bizə. O vaxtdan bugünə çox böyük inkişaf və maraq var. Birinci konfransa 150 adam gəlmişdi. Bu bizim üçün yaxşı rəqəm idi. Bütün oyunlar və beynəlxalq yarışlar iyunda keçirildiyi üçün məcbur qalıb tədbirimizi payız aylarına sürüşdürdük. Aprel ayının sonunda Misirdə idim. Orada konfransda mühazirə deyirdim. Xaricdə olanda ölkənin qədrini daha yaxşı bilirsən. Hər mənada bu keçərlidir. İstər təbiət, istər yaşam olsun.

-Həkimlik adətən heyranlıq duyulan sahələrdən biridir. Sizin necə heyranlıq duyduğunuz başqa sahə varmı və nəyə görə həmin peşə diqqətinizi çəkir?

-Mənim 4 övladımın ikisi(qızlarım) və həyat yoldaşım həkimdir. Qızlarım abituriyent dövrlərində məndən soruşdular ki, dünyada həkimlikdən başqa daha nə sənət var ? Mən isə cavab verirdim ki, başqa sənət nə gəzir ? Bir həkimlik var, bir də həkimlik var (gülür). Mənim üçün dünyada tək sənət var o da həkimlik. Bir dəfə bu işdən bir neçə illik ayrılmışam. Bir daha ayrılmaram. Sənət çoxdur təbii ki. Bütün sənətlər bizə lazımdır. Amma həkimlik müqəddəs peşədir deyə mənim üçün öncüldür. Xüsusilə stomatologiya əl işidir. Çox kitab oxuyub çox musiqi dinləməklə Üzeyir Hacıbəyov olmaq mümkünmü ? Məncə, yox. Ü. Hacıbəyov yüz ildə bir doğulur. Hər sahədə, siyasətdə də bu belədir. Heydər Əliyev hər gün doğulurmu ?  Və ya çox kitab oxumaqla Heydər Əliyev olmaq olurmu ? Mümkün deyil. Eynən həkimlik də belədir. Necə ki, rəssama, siyasətçiyə Allahdan vergi, bacarıq verilir. Stomatoloq da belədir. Hər adam yaxşı stomatoloq ola bilmir. Mən bunu öz tələbə yoldaşlarımdan gördüm. Qırmızı diplomlu tanıdıqlarım var, amma görürsən ki, bu sahədə çox axsayırlar.

-İşiniz çox gərgin bir prosesdir. İşdən sonra dincəlmək üçün nələr edirsiniz?

-Bizim işimiz çox ağırdır. Sovet vaxtında fəhlənin iş saatı 8, diş həkimin iş saatı isə 5,5. Bu, ağırlıq dərəcəsi ilə ölçülür. Bütün günü ayaq üstəyik. Qorxu və həyəcan da işin içindədir. Ən müxtəlif psixologiyaya sahib insanlar bizim yanımıza gəlir. Uşaq gəlir. Onun nazıyla oynayıb, dilə tutmaq da beyni yorur. Həm də fiziki olaraq yoruluruq. Özümüzü bərpa etməyə ehtiyac duyuruq. Mən velosiped idmanını çox sevirəm.Velosipedlə 100 km yolu belə qət edirəm. Qrupumuzla birgə Azərbaycanın rayonlarına gedirik. 3 atım var. Atları çox sevirəm. Dağlara getməyi və ailəmlə birgə vaxt keçirməyi sevirəm. Hər həftə sonları ailəmiz bir araya gəlməlidir. Bu mütləqdir və dəmir qanundur. Hava yağışlı deyilsə, işə velosipedlə gəlirəm. Səhər saat 06:00-da oyanıram. Velosipedimi götürüb bulvarda tur atıram. Bayraq Meydanına hər gün gedirəm. Bayrağımız bizim qürurumuzdur. Bir çox stomatoloqların peşə xətəliyi var. Bu onurğa əyriliyidir. Bu tez-tez onları yaxalayır. Məndə yoxdur bu problem. Düşünürəm ki, hamısı idmanın hesabınadır.

-Bəzi həkimlər olur ki, musiqi ilə işləməyi xoşlayır. Belə bir iş prinsipinə münasibətiniz necədir?

-Bizim klinikada da fon musiqisi olur. Bu musiqi elə həddə verilir ki, sanki istəməyəndə yox kimidir. İstəyəndə isə həzin-həzin səsi eşidilir. Sözsüz, musiqi bizi sakitləşdirir. Öz yaddaşı olan qulaqlıqlar alıram. O daha rahatdır. Xəstələrə verirəm bəzən. Pasient alətlərin səsini və danışıqları eşitmir  və biz işimizi rahat görürük. Klassik musiqini xoşlayıram. “Leyli və Məcnun”a azı 5 min dəfə qulaq asmışam. Ü. Hacıbəylinin musiqisini dinləməyə dəyər. Operanı xoşlayıram. Ailədə balaca qızım konsertlər barəsində WhatsApp qrupunda tez-tez məlumatlandırır bizi. Ona mədəniyyət nazirimiz deyirik.(gülür)

 

Əsmər Qabil

Foto: Seymur Kərimli