23.06.2017 245 "Mətbuat.az" saytının baş redaktoru Bahadur Seyidov: "Avropa mətbuatında ən çox siyasi, texnologiya, sağlıq xəbərləri oxunur, bizdə isə ancaq şou", "Hər gün iki saat kitab oxuma saatım var, biri səhər tezdən 6-7 arası, ikincisi gecə saat 11-12-arasında", Bahadur Seyidov,jurnalist,yazar,metbuat,metbuat.az,Qobustan,muellim,bas redaktor,muxbir,atv,

"Mətbuat.az" saytının baş redaktoru Bahadur Seyidov: "Avropa mətbuatında ən çox siyasi, texnologiya, sağlıq xəbərləri oxunur, bizdə isə ancaq şou"

"Hər gün iki saat kitab oxuma saatım var, biri səhər tezdən 6-7 arası, ikincisi gecə saat 11-12-arasında"

-Bahadur bəy, necə oldu jurnalistikaya gəldiniz? Bu sahəyə marağınız necə yaranıb?

-Əslində ixtisasım jurnalist deyil. Pedoqoji sahədir. Sadəcə olaraq orta məktəbdən hekayələr, şeirlər yazırdım. İkinci kursda oxuyanda “Töhvə” qəzetində sosial mövzuda yazılar yazan müxbir axtarırdılar. Getdim redaksiyaya, işləmək istədiyimi dedim. Dedim ki, maaş da istəmirəm. Saat 1-də dərsimiz bitirdi, 2-dən axşama qədər qəzetdə işləyirdim. Tələbə ola-ola qəzetdə işlədim, orada yazılar yazırdım. Oradan da jurnalistlərlə münasibətlər yarandı. Bir də ayıldım ki bu sahədəyəm.

-Bir müddət müəllim kimi fəaliyyət göstərmisiniz. Redaktor, yoxsa müəllimlik daha çox məsuliyyət tələb edir? Və özünüzü daha çox hansı sahədə görürsünüz?

-4 il müəllim işləmişəm. Qobustan rayonu, Bəklə kəndində. Kənd yeri elədir ki, orada müxtəlif fənlərdən dərs deyirdik. Tarixdən ixtisasartırmaya getdim. Bir diplom da elə aldım. Həm iqtisadiyyat, həm də tarix müəllimi kimi fəaliyyət göstərirdim. Amma ürəyim jurnalistikada idi. 2008-ci ildə müəllim kimi fəaliyyət göstərirdim. Saytlar açılırdı, yeni-yeni fəaliyyətləri genişlənirdi. Həmin vaxtlar mən özüm üçün sayt yığırdım. Və yazılar yazıb yerləşdirirdim. Müəllim olarkən mətbuatda yazılarım dərc olunurdu. Publika.az saytı ilə, mərkəz qəzeti var idi onlarla işləyirdim. Müəllimlik sevdiyim bir peşədir ,amma reallıq var. Azərbaycanda müəllimliklə ailə saxlamaq olmur. Maddi durumum yaxşı olsaydı bəlkə də müəllimlikdə qalardım. Yəni kənd müəllimi, 250 manat maaş və ailəli adam. Bir yerə qədər gedir, sonra getmir.

-Metbuat.az  saytını qurmaq ideyası necə yaranıb?

-2012-ci ildə mən Bakıya gəldim. Aznews.az - da müxbir kimi başladım. Sonra ATV-də işə düzəldim. 5 il orada jurnalist kimi çalışmışam. “Tanımadığımız tanışlar” verilişində müxbir, “Sönməyən ulduzlar” da redaktor, sonra ümumi verilişlərin redaktoru olmuşam, bir də ATV.az saytının redaktoru olmuşam. ATV-də işləyə-işləyə reklam şirkəti var idi. RMedianın təsisçilərinindir. Onlar da məni atv.az-dan tanıyırdılar. ATV.az bağlanan kimi mənə dedilər ki, metbuat.az - a baş redaktor kimi dəvət etsək gələ bilərsən. Mən də sevinclə razılaşdım, çünki işimi sevən adamam. Sayt sahəsi mənlikdir. 4 aydır metbuat.az-dayam. 4 ay ərzində bir çox işlər görmüşük. Günlük girişi 140 minə qədər çatdırmışıq. Bununla Azərbaycanda ən çox girilən saytlar arasında ilk beşliyə düşməyə nail olmuşuq. İlk 4 ayda bu nəticəni göstərəcək saytlar demək olar ki, yoxdur. Alexa.com saytı var. Beynəlxalq nüfuzu ölçür. Daha çox giriş sayına görə yox, saytın nüfuzuna görə statistikanı müəyyən edir.  Yəni nə qədər çox insan metbuat.az –a istinad edir. Google-da axtarışda metbuat.az-ın xəbərləri nə qədər önə çıxır və nə qədər insan o xəbərlərə girir. Alexa.com-a görə Azərbaycan saytları arasında birinci yerdəyik. Hətta bir ara instaqramı belə populyarlıqda keçmişdik.

-İnsanlar bir çox saytlardakı informasiyalara inanmır. Sizcə metbuat.az insanların inanıb üz tutduqları saytlardanmıdır?

-Bizim sayta hər gün 15 min adam metbuat.az yazıb girir. Bu artıq inamın göstəricisidir. O saytlar ki, girişinin hamısını sosial şəbəkələrdən götürürlər, onda xəbərlər qarşılarına çıxır və girirlər. Məncə, 15 min insan bizə inanır. Bu da 4 ay üçün pis rəqəm deyil. Biz çalışırıq metbuat.az informasiya portalı olsun. Oxucular üçün bir çox imkanlar yaratmışıq. Məsələn, gündəlik valyuta məzənnələri qoymuşuq orada sərfəli məzənnələr var, hansı bank neçəyə dolları götürür, neçəyə satır. Hava haqqında gündəlik məlumatlarımız var. Bürclər haqında məlumatlar ən tez bizdə olur. Avtomatik rejimdədir. 00:00-dan 1 saniyə keçən kimi yenilənir. Namaz vaxtları var. Bunlara görə də sayta girirlər. Amma əsasən xəbər saytı kimi fəaliyyət göstərir. Bir də metbuat tv-ni hazırlayırıq. Verilişlərimiz olacaq. Hazırda youtube kanalımızda küçə sorğuları olur.

-Hazırda saytda komandada neçə nəfər fəaliyyət göstərir?

-Ümumi 10 nəfərdir. Bura gecə redaktoru, 6-cı və bazar günləri redaktoru daxildir. Onlar ofisdə olmurlar. Adətən evdən işləyirlər. Gündüzlər mənlə birlikdə 8 nəfər işləyirik. Bir nəfər fotoqraf, biri redaktor, biri mən və 5 nəfər də müxbirimiz var. Gələcəkdə işi artırmaq niyyətimiz var. Daha böyük kollektivlə işləmək fikrimiz var, bu da özümüzdən asılıdır. Yəni bu kollektivlə işi nə qədər irəli apara bilsək, reklam bazarına çıxa bilərik. Kollektivi iki dəfə artıra bilərik. 

- “Uşaqların, kitabların üzündən öpəcəksən...” yazınızda internetə, telefona görə insanların bir-birlərindən uzaqlaşdığını, kitab oxumadıqlarını vurğulamısınız. İşlərinizlə əlaqədar belə hallar çox olurmu?

-Sosial şəbəkəyə ilişdinsə və statuslarına biraz çox layk gəldisə və ya videon çox izləndisə artıq sən xəstələnirsən. Adətən sosial şəbəkələrdən istifadə etməyən insanlar, mən istifadə etmirəm deyənlər status yazır 5 nəfər layk eləmir onda niyə istifadə eləsin ki. Özünə hədd qoymağı bacarmaq lazımdır. İşləri planlaşdırmaq lazımdır. Bəzən deyirsən ki biraz baxım, amma bir də görürsən ki gecə saat 01:00 və telefon əlində yatmısan. Müəyyən şeylərə vaxt ayırmaq lazımdır. Məsələn ailəyə, kitab oxumağa, dostlarla görüşməyə vaxt ayırmaq lazımdır. Ona görə də onları planlamaq və yazmaq lazımdır. Mən nə vaxt ki, yazmışam, məsələn bu saatda bu saata ingilis dili öyrənəcəm, bu saat aralığında kitab oxuyacam, dostlarla görüşəcəm. Onda alınıb. Bir də görürsən ki ortada heçnə yoxdu. Amma telefon əlində o sosial şəbəkədən çıxıb digərinə girirsən. Sonra görürsən ki 2 saat ərzində ancaq səhifələrə girib çıxmaqla məşğul olmusan. Ona görə bunları nizamlamaq, çərçivəyə salmaq lazımdır.

-Yazılarınızda ən çox hansı mövzulara üstünlük verirsiniz? İnsanlara çatdırmaq istədiyiniz nələrdir?

-Mən bir neçə sahə üzrə yazıram. Konkret bir yolu tutub getmirəm. Adətən köşə yazılarımda sosial mövzulardan yazıram. Məsələn insanların yaşadığı sosial problemlər. Texnoloji biliklərim çox olduğu üçün bəzən texnoloji mövzuda da yazıram. “Demədi demə” layihəm var, orada da texnoloji xəbərləri video şəklində təqdim edirəm. Adətən redaktorluq, baş redaktorluq texniki işə çevrilir. Yəni müxbir işləyəndə daha çox yaradıcılığını ortaya qoya bilirsən, imzaya işləyirsən, amma redaktor olandan sonra demək olar ki, yazı yaza bilmirsən. Ya da çox dar zamanda yaza bilirsən. Çünki admin panelə müxbirlər xəbərlər qoyur onlara baxmalısan, müxbirlərə mövzu verməlisən, saytın texniki işlərinə baxmalısan, sosial şəbəkələrdə paylaşım işlərinə baxmalısan, iş görüşləri olur.

-İnsanların sizə yanaşması necədir? Sizi daha çox redaktor, yoxsa yazar kimi tanıyırlar?

-Məni hərə bir cür tanıyır. Bir çox insanlar şair kimi, bəziləri jurnalist, digərləri blogger və texniki işçi kimi də tanıyırlar. “Tanımadığımız tanışlar verilişi” gedirdi. Əvvəl verilişi səsləndirən, montajçı, rejissor, bir nəfər də görüntüləri tapırdı, mən müxbir idim və layihə rəhbəri var idi. İxtisar getdi. Layihə rəhbəri ilə mən qalmışdım. Verilişin həm rejisorluğunu, montajını edirdim, həm görüntüləri müəyyənləşdirirdim, həm də müxbirlik edirdim. Daim çalışmağa və dar çərçivə ilə məhdudlaşdırmamağa çalışıram. Müasir dövrdə jurnalistin texniki bilikləri olmalıdır. Texniki bacarıqları olmayanlar arxada qalacaqlar. Nə qədər istedadlı olsan da, internet texnologiyasını bilməyən jurnalistlər geridədirlər. Məsələn 40 yaşdan yuxarı jurnalistlər var və əla jurnalistlərdir, amma yazısını paylaşmağı bilmir. Və görürsən ki, həmin jurnalistlər geridə qalır. Artıq internet jurnalistikasının bütün jurnalistikanın önünə keçdiyi bir dövrdə yaşayırıq.

-Saytla bağlı gələcək planlar nədir?

-Gələcəklə bağlı elə ciddi planlarım yoxdu. Əsas planlarımdan biri odur ki, ingilis dilini ciddi şəkildə öyrənirəm. Azərbaycanda bir sayta 100 min girişi varsa, gəliri öz işçilərini təmin edəcək səviyyədə deyil, amma 100 min girişi olan ingilis saytı ayda 200 min dollardan yuxarı pul qazanır. Jurnalistikayla ona görə məşğul olmuruq ki, sırf pul qazanaq, amma bir tərəfi də ora gedib çıxır. Fəaliyyətlə məşğulsansa, oradan təbii ki, gəlir də götürmək lazımdır. Həmişə istəmişəm ki ingilis dilində bir saytla dünya mətbuatına çıxaq. Ölkəmiz balacadır. Kiçik ölkədə jurnalist kimi inkişaf etmək üçün dövlət dəstəyi lazımdır. Məsələn bir sahəyə müəyyən qədər maliyyə ayırır və sən də işlərini görürsən. Metbuat.az müstəqil saytdır. Girişimiz az deyil, keyfiyyət baxımından da yavaş-yavaş digər saytlara çatmağa çalışırıq. Amma Azərbaycanda bu sahə spesifik sahə deyil. Bəlkə də 5 il sonra olacaq. Planlarımın hamısı Metbuat.az-la bağlıdır. Saytı inkişaf etdirək. Gücümü, enerjimi qoyduğum bu saytdır.

-Dünya mətbuatında dövlət dəstəyini inkar edirlər. Sizcə, bu saytı çərçivəyə sala bilərmi?

-Metbuat.az olarq da dövlətçiliyin və azərbaycançılığın tərəfində dururuq. Yəni dövlətdən çox da narazı olan bir tərəfimiz yoxdur. Sosial məsələlər var ki, hətta mən atv-də işləyəndə belə, müəllim olanda da sərt şəkildə tənqid etmişəm. İnanmıram ki, o bizi çərçivəyə salacaq səviyyədə olsun. Dövlətin pisi də, yaxşısı da bizimdir. Xarici ölkələrə göstərib gözdən salmaq fikrimiz yoxdur. Ürəyimiz istəyən səviyyədə olmasa da bəzi ölkələrlə müqayisədə Azərbaycanda bir qədər yaxşıdır. Əsas odur ki, sakitlikdir. Əksər müsəlman ölkələrində silahlar susmur. Əgər bağçanın həyətindən uşaqlar çıxıb sevinərək evlərinə qaçırlarsa, o uşaqların azadlığını görürüksə və üzlərindəki təbəssümü görürsən. Bir də düşünürsən ki, hansısa bir ökədə bomba partlayır və uşaqlar bomba səslərinə ayılırlar. O baxımdan hansısa dövlət müəssisəsində işləsəm, azadlığımın əlimdən alınmasını düşünmürəm. Çünki üsyan edəcəyim ciddi bir şey yoxdur.

-Saytda oxucu rəyləri necə olur?

-Bu bütün saytlarda var, yalnız metbuat.az-da deyil, bəzən fikirləşirsən ki daha çox istifadəçi gətirəsən və reytinq xətrinə bir xəbər qoyursan.  Və reytinq xətrinə qoyulan xəbərdə istifadəçi girib başlayır söyməyə, tənqid etməyə. Amma dərd odur ki, o xəbəri oxuyur. Sonra elmlə bağlı bir xəbər qoyursan. Reaksiya 0, həmin istifadəçi girib heçnə yazmır. Bizi tənqid etdiyi məsələn “ İki sevgilinin whatApp yazışması” nı oxuyur. Bir reytinqli  xəbərdən sonra 5 normal xəbər veririk ki, istifadəçilər narazılıq edir, bir gün elə xəbərlər olmayacaq. Bir gün verməyəndə heç bir istifadəçi yaxşı xəbərlərə görə heç bir sağol yazmır. Başqa dövlətlərdə xəbər saytlarında top onluğa baxırsan, orada ilk 3 xəbər siyasi xəbər, sonrakı 2 xəbər texnoloji, 3 xəbər sağlamlıqla bağlı xəbər, qalanı da araşdırmayla bağlı olur. Boş xəbərlər top onluqda olmur. Azərbaycan saytlarının top onluğunda isə 10 xəbərin onu da belə xəbər olur. Bizdə də siyasi, texnoloji, sağlamlıq haqqında yazılar yazılır. Amma çox təəssüf ki, oxucularımız o cür xəbərlər oxuyurlar. Araşdırma yazısını oxuduruq, amma ona elə başlıq qoyuruq ki, adamlar o tip xəbərlər olduğunu düşünüb girir və oxuyur. Bu biraz da bizim təhsil sistemi ilə bağlı ola bilər. İnsanlar o vaxt yaxşı xəbərlər oxuyurlar ki, onlar savadlıdırlar. Bizdə ən çox oxunan şou xəbərləridir.

-İşdən sonra vaxtınızı necə keçirməyi xoşlayırsınız?

- Baş redaktorluğun işi çox ağırdır. Tövsiyəm odur ki, baş redaktor olmağa tələsməyin. 40 yaşdan sonra olsanız daha yaxşı olar. Redaktorun, müxbirin işi elədir ki, bizdə 18:30-da iş bitir ondan sonra normal həyatlarını yaşayırlar. Amma mənim gözüm saytda olur. Yəni beyin saytla olur. Çalışıram ki, biraz kitab oxuyum. Saat 23:00-dan 00:00-a qədər kitab vaxtımdır, bir saat da gündüz oxuyuram. Səhər 6-dan 7-ə qədər. Bazar günləri də uşaqlarla oynayıram. Bir oğlum və bir qızım var. Ən çox asudə vaxtımı şahmat oynamaqla keçirirəm. Ya internetdə oynayıram, ya da dostlarla.

 

Əsmər Qabil

Foto: Nəcəf Nəcəfli


Yeni müsahibələri izləmək üçün