Azər Məmmədli: Qraffiti divarlara ikinci həyat bəxş edir, "Deyənlər olub ki, divara sevgi etirafımı yaz, qəbul etməmişəm", 17.03.2017 581

Azər Məmmədli: Qraffiti divarlara ikinci həyat bəxş edir

"Deyənlər olub ki, divara sevgi etirafımı yaz, qəbul etməmişəm"

-Qraffiti ilk dəfə harada və nə məqsədlə yaradılıb? Bəzən mübarizə üsulu kimi istifadə edildiyi də deyilir. Bu sənət Azərbaycana nə vaxtdan gəlməyə başlayıb?

-Qraffiti konkret olaraq hər hansısa bir məkanda yaranmayıb. Lap qədim zamanlardan insanlar özlərini müxtəlif yollarla ifadə etməyə çalışıblar. Onlardan bəziləri yazıçılıqla, bəziləri rəssamlıqla məşğul olublar, bəziləri də artıq rəssamlığı divarlarda canlandırmağa başlayıblar. Belə yaranmağa başlayıb və məşhurlaşmağa doğru gedib. Demək olar ki, bir çox mədəniyyətlər kimi qraffiti də bizə Qərbdən gəlməyə başlayıb.

-Bu sənətin növləri varmı?

-Qraffiti özü Hip-Hop’un bir növüdür. Hip-Hop’un dörd əsas elementi var: Qraffiti, DJ-lik, MC-lik, və B-boyluq yəni, break. Qraffiti’nin növlərinə gəldikdə isə, bu sənət özündə bir çox şeyi birləşdirir. Bəziləri yalnız yazılar yazır, bəziləri müxtəlif personajlar çəkir. Hər bir qraffiti yazarının öz tərzi olur, bununla seçilir.

-Sizcə, qraffiti sənəti ilə məşğul olmaq üçün həmin şəxs hansı bacarıqlara sahib olmalıdır? Qraffiti ustası deyə adlandırılan şəxsin hansı əşyaları, boyaları olmalıdır?

-Qraffiti ilə məşğul ola bilmək üçün ən əsas yaradıcılıq olmalıdır. Həmin şəxs öz fikirlərini, necə deyərlər, kreativ şəkildə çatdıra bilməlidir. Rəssamlıqdan da anlayışı olmalıdır ki, öz düşüncələrini daha yaxşı, daha yaradıcı, daha keyfiyyətli şəkildə divara köçürə bilsin. Qraffiti’nin başlıca aləti spreydir. Bu sənət məşhurlaşdıqca, yayıldıqca artıq dünyada sırf qraffiti üçün bir çox sprey markaları yaradılmağa başlandı. Bundan əlavə, müxtəlif köməkçi alətlər də mövcuddur. Bəzən elə olur ki, spreylə çəkmək yaxşı alınmır, bu zaman fırçalardan da istifadə edilir.

-Demək olar ki, mahiyyətcə rəssamlarla eyni işlə məşğulsunuz. Bəs aranızdakı əsas fərq nədədir?

-Mən deyərdim ki, texnika və tərzə görə bir-birindən seçilir. Rəssamlığın da növləri genişdir. Qraffiti ilə rəssamlıq arasındakı əsas fərq qraffiti’nin küçədə olması, küçə sənəti olmasıdır. Doğrudur, divarda çəkilən rəsm əsərləri də var, amma onları qraffiti ilə bir tutmaq olmaz. Qraffiti sırf küçə mədəniyyətidir.

-Peşəkar qraffiti ustası olmaq üçün nə qədər vaxt sərf etmək lazımdır və bu sənəti yaşadanlar arasında müsabiqələr, yarışlar keçirilirmi?

-Bu yöndə peşəkarlaşmaq üçün konkret bir zaman kəsiyi yoxdur. Şəxsin özündən asılıdır, öz üzərində çox çalışsa, çox məşq etsə, qısa müddət ərzində öyrənə bilər. Mən şəxsən bütün detalları 2-3 il ərzində tam olaraq öyrənə bilmişəm. Əslində, hələ də öyrənirəm. Çünki bu, elə bir sənətdir ki, şəxsin yaradıcılığından asılı olaraq daim yenilənir. Bu sənətlə məşğul olursansa, standartdan kənar olmalısan, hətta, yenilik də gətirə bilərsən. Qraffiti bizdə əvvəlki illərə nisbətən son 3-4 ildə çox inkişaf etdi. Bu inkişafın nəticəsi olaraq festivallar keçirmək zərurəti yaranmağa başladı. Məsələn, keçən yay Şahdağda qraffiti festivalı keçirilmişdi və mən orada iştirak etmişdim. Bundan əlavə “Park Bulvar”da da keçirilmişdi. Festivallar daha da artır və artacaq. Müsabiqələr də baş tutur, lakin qraffiti daha çox “qardaşlığ”ı göstərən bir sənət olduğu üçün adına “müsabiqə” demirik, bizi bir araya yığan vasitə kimi qəbul edirik. Demək olar ki, bu sənətdə hamımız bir-birimizi tanıyırıq, bir-birimizə hörmət edirik, dəstək oluruq, yeri gəldikdə kömək də edirik.

-Bir çoxları qraffiti’ni ipə-sapa yatmayan çılğın gənclərin yolu, divarları çirkləndirməsi kimi qəbul edirlər. Bu cür düşünənlərə münasibətiniz necədir?

-Məncə, qraffiti’ni həmişə pis yox, yaxşı yöndən də göstərmək lazımdır. Hər sahədə olduğu kimi qraffiti’nin də bəzi mənfi yönləri var. Divarları korlayan, mənasız yazılar-müxtəlif sayt adları olan yazıları mən qraffiti’yə aid etmirəm. Bu, sırf vandalizmdir. Amma qraffiti divarlara ikinci həyat bəxş edir, onu daha da gözəlləşdirir.

-Qraffiti sənətinə ən çox hansı fikirli və hansı yaş arası insanlar maraq göstərir? Sizin bu sahədə seminar, treninq keçmək fikriniz varmı?

-Ən çox maraq göstərənlər cavanlardır. Çünki bu, cavan nəslin yaratdığı bir trenddir. Yaşı yuxarı olan insanların da marağı var, doğrudur, lakin heyif ki, elə də çox deyil, bu yöndə üstünlük gənclərdədir. Ən çox uşaqlar yeniyetməlik dövründə fərqlənməyə çalışdıqları üçün müxtəlif maraqların arxasınca gedirlər. Bununla da yaşları artdıqca ya bu sənətə yiyələnirlər, ya da ki, sadəcə maraq olaraq qalır. Bu sahədə seminar-treninq keçirməmişəm. Keçirmək istəyirəm, amma fikrimcə, hələ ki, tezdir. Çünki uyğun kütlə hələ tam formalaşmayıb.

-Filmlərdən və ya şirkətlərdən haradasa yazı yazmaq üçün sifarişlər almısız? Ümumiyyətlə, bu sənətlə pul qazanmaq, karyera qurmaq mümkündürmü?

-Bəli, mümkündür. Bizə çox sifarişlər gəlir. Təkcə filmlərdən, ya da şirkətlərdən yox, məşhur biznes adamlarından, müxtəlif kafe və restoran sahiblərindən də sifarişlər alırıq. Qraffiti ən çox gənclərin maraq dairəsinə daxil olan bir sənət növü olduğu üçün, daha çox gənclərin toplaşdığı məkanlardan sifarişlər gəlir.

-İndiyədək divarlarda çəkdiyiniz şəkillərə, yazdığınız yazılara təxminən, nə qədər vəsait xərcləmisiz və nə qədər gəlir əldə etmisiz?

-Demək olar ki, yarı-yarıya. Dəqiq deyə bilmərəm, amma bunu dəqiq bilirəm ki, bir işdən əldə etdiyin gəlir hər zaman o işə xərclədiyindən daha artıq olur.

 

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli