10.04.2017 1493 Nanotexnoloq Aytək Məmmədli: "İxtiram hidrogen enerjisinin əldə edilməsi ilə bağlı idi və bu yeniliklə bir neçə beynəlxalq konfransda çıxış etmişəm", Ən maraqlı olan insanın klonlaşdırılmasıdır, aytek, aytək, aytek memmedli, aytək məmmətli, nanotexnologiya, nanotexnoloq,mutexessis, gazi universiteti, qazi universiteti, nanotechnology, nano, texnologiya, xaricde tehsil, xaricdə təhsil,

Nanotexnoloq Aytək Məmmədli: "İxtiram hidrogen enerjisinin əldə edilməsi ilə bağlı idi və bu yeniliklə bir neçə beynəlxalq konfransda çıxış etmişəm"

Ən maraqlı olan insanın klonlaşdırılmasıdır

-Aytək xanım, nanotexnologiyalar sahəsində Azərbaycanda çox az sayda mütəxəssislərdən birisiz. Öncə bu sahəyə yiyələnənə qədər keçdiyiniz yola qısaca nəzər salaq...

-Mən ailə vəziyyətimizlə əlaqədar olaraq məktəbi Qazaxda bitirmişəm. Daha sonra Bakı Dövlət Universitetinin kimya fakültəsində təhsilimi davam etdirmişəm. Atam mühəndis, anam da dəqiq elmlər üzrə mütəxəssis olduğuna görə məndə də məktəb vaxtından dəqiq elmlərə çox maraq var idi. Təbii ki, ailəm də bu mövzuda məndən dəstəklərini əskik etmirdilər. O vaxt gənc texniklər üçün bir layihə var idi. Həmin layihədə 2 dəfə respublika mərhələsinə gəlib çataraq qalib olmuşam. İkinci və üçüncü yerlərə layiq görülmüşəm. Həmçinin, kimya olimpiadasında respublika turunda fəxri fərmanla təltif edilmişəm. Elə şeylər var ki, insan özünü onda tapır. Mən kimyada özümü tapdığımı hiss elədim. Məndə kimyaya qarşı sevgidə əskikliklər var idi. Amma mən nanotexnologiyada hiss elədim ki, bu, həqiqətən də, mənim ixtisasımdır, həyat yolumdur. Bizdə, ümumiyyətlə, bu ixtisas yoxdur. Mən bu ixtisas üzrə Türkiyədə təhsil almışam. Əslində, mənim bu ixtisasa yönəlməyim də çox qeyri-adi oldu. Bunu çox da paylaşmamışam. Kimya fakültəsindən tanıdığım bir tələbə var idi, bizdən bir kurs yuxarıda oxuyurdu, amma dövlət imtahanından kəsildiyi üçün bizimlə birlikdə məzun olmuşdu. 

Biz eyni vaxtda Türkiyədə eyni fakültəyə müraciət etdik. Universitet rəhbərliyi dedi ki, oğlan gedib məndən şikayət edib ki, o xanım kimya müəllimliyi ixtisasını bitirib, mən isə ümumi kimyanı. “O mühəndis ola bilməz” kimi cümlələr quraraq mənim müraciətimi qəbul etməmələrini istəyib. Biz kimya müəllimliyi ixtisasında oxumağımıza baxmayaraq, praktika üçün məktəbdən əlavə, zavodlara da gedirdik. Biz müəllimliklə yanaşı, mühəndisliyin də yükünü daşıyırdıq. Universitet rəhbərliyi dedi ki, mənim mühəndisliyə aid bütün dərsləri keçdiyimi nəzərə alıblar. Sırf o tələbəyə acıq olsun deyə müəllimim mənə dedi ki, mən sənə nanotexnologiya sahəsini məsləhət görürəm. O vaxt nanotexnologiyaya xaricdən tələbə almırdılar. Onlar istəyirdilər ki, sadəcə türk tələbələr oxusunlar. Mənim də bu sahəyə gəlişim belə olub. Mən indi də bu sahəyə yönəldiyim üçün çox sevinirəm və ömrümün sonuna kimi o insana minnətdar olacam. Həmçinin, məni şikayət edən tələbə yoldaşıma da minnətdaram (gülür).

-Gələk əsas məsələyə. Nanotexnologiyalar. Bu texnologiyanı sadə dildə bir neçə nümunə ilə necə izah edərdiz?

-Nanotexnologiya bu gün müasir dünyanın texnologiyasıdır. Əgər dünənə qədər insanlar bir-birilərini psixoloji olaraq idarə edirdilərsə, bu gün balaca bir beyin çipi ilə insanları idarə etmək mümkündür.  Dünənə qədər xərçəng xəstəliyini müəyyən şüalar vasitəsilə müalicə edirdilərsə, bu gün həmin hüceyrələri nanotexnologiyalar vasitəsilə müalicə edib sağaltmaq mümkündür.

-Nanotexnologiya sahəsini dərindən öyrənən bir mütəxəssiz kimi necə düşünürsüz, Azərbaycanda bu yeniliklərdən hansı istehsal sahələrində istifadə etmək daha faydalı və səmərəli olar?

-Nanotexnologiya kompleks elmdir. Burada bir neçə universitetdə nanotexnologiyanı tədris edən müəllimlər var idi. Amma onlar fizika müəllimləri idilər. Mən həmişə deyirdim ki, fizika müəllimi heç vaxt nanotexnologiya dərsi keçə bilməz. Fizikaçı, kimyaçı, bioloq, genetik və sair nanotexnoloq ola bilər. Amma o, mütləq bu ixtisasın dərsini almalıdır. Bizim nanotexnologiya üzrə laboratoriyamız var idi və kompleks şəklində idi. Məsələn, mən nanotexnoloqam, kimyadan getmişəm, başqa biri fizikadan gəlib. İşçi götürərkən düşünürdülər ki, bir dənə kimyadan götürəndə, bir dənə də genetikadan götürək. Onlar danışanda, bir-birilərini tamamlasınlar. Amma burada buna o qədər də əhəmiyyət verilmir. Bizdə hələ heç düzgün laboratoriyalar belə yoxdur. Bu elə kompleks bir elmdir ki, burada həmin gənc, həmin tələbə, həmin mütəxəssis genetikanı da mütləq şəkildə bilməlidir. Mən kimya, biologiya, genetika, alternativ enerjilər, nüvə ilə bağlı dərslər almışam. Bunları kompleks şəklində bilmək lazımdır. 

-Nanotexnologiya sahəsində xəyalını qurduğunuz və gerçəkləşdirməyi ən çox arzuladığınız nədir?

-Bu bir az mənəvi hissəsidir. Əslində, mən müdafiəmi alternativ enerjilər üzrə eləmişdim. Çox da yaxşı diplom işi hazırlamışdım, hansı ki, bir neçə konfransda həmin işimlə çıxış etmişəm. Amma mən hiss edirəm ki, mən mütləq bunun tibbi tərəfini oxumalıyam. Çox güman ki, doktoranturada tibbi nanotexnologiya üzrə oxuyacam. Tibb birbaşa insan gələcəyi üçündür, insanın var olmasından ötrüdür. Genetika, klonlaşma. Məsələn, mənim ən çox maraq göstərdiyim insan klonlaşdırılmasıdır. Əslində, bu etik deyil. Amma olduqca maraqlıdır. Heyvanlar və bitkilər üzərində tətbiq etməklə yaxşı nəticələr əldə edirik. Amma insanlar üzərində etik olmadığı üçün hələ tətbiq edilmir. 

-Sizin magistraturada diplom işiniz də ayrıca bir ixtiradır. Burada söhbət hidrogenin ən ucuz əldə edilmə yolundan gedir. Həmin ixtiranızdan danışaq. Sizcə, etdiyiniz bu yenilik Azərbaycanda hansı sahənin inkişafında geniş istifadə edilə bilər?

-Mən həmişə bunu deyirəm ki, mən bəxti gətirən insanlardanam. Həm ixtisasıma başlamağım, həm oradakı diplom işi rəhbərim çox uğurlu idi. Mən əvvəl düşündüm ki, genetika ilə bağlı işləyib hazırlamalıyam.

Amma sonra dedilər ki, çox uzanacaq. Bununla da fikirləşdim ki, alternativ enerjilərlə bağlı hazırlamalıyam. Valideynlərim də bu sahə ilə əlaqəli olduqları üçün həmişə onlarla məsləhətləşə bilirdim.  Həmin vaxt anama zəng vurdum, ona bununla bağlı xəbər verdim. Anam dedi ki, neft ölkəsiyik, bizim alternativ enerjiyə ehtiyacımız yoxdur, sən bir müddət işsiz qalacaqsan, iş tapmaq sənin üçün çətin olacaq. Düşündüm ki, haqlıdır, amma bu cür çox gedə bilməz, mən 30 il sonranı nəzərə alaraq hərəkət etməliyəm. Mən başladım alternativ enerjilər üzərində işləməyə. Dostlarım həmişə deyir ki, sənin ayağın necə düşərli deyilsə, sən başlayanda, neftin qiyməti düşdü (gülür). Amma mən həvəslə bu işə başlamışdım. Hidrogen enerjisinin istehsalı üzərində işləyirdim. Yüksək göstəricilər əldə etmişdik. Birinci dəfə 2015-ci ildə İzmirdə beynəlxalq konfransda çıxış etdikdən sonra bunun bir ixtira olduğuna qərar verdik. Əslində, özümüz əvvəlcədən bilirdik, amma orada Amerikadan gələn müəllimlər danışandan sonra biz bunun üçün yenidən müraciət etdik. Daha sonra keçən il Böyük Britaniyada bir konfransda daha çıxış elədim. Bir neçə gündən sonra Amerikada bu işimlə bağlı yenidən bir konfransda iştirak edəcəm. Diplom işim mənə çox uğur gətirdi.

-Yəqin ki, nanotexnologiya ilə bağlı Azərbaycanda son vəziyyətin nə yerdə olduğundan xəbərdarsız. Bu sahədə həm tədrisdə, həm də praktiki tətbiqetmədə hansı yeniliklərin edilməsinə böyük ehtiyac var?

-Nanotexnologiyaya bütün dəqiq elmlər kimi çox yaxşı laboratoriyalar lazımdır. Bu gün Azərbaycanda elə də yaxşı laboratoriyaların olmadığını bilirəm, xəbərim var. Laboratoriyalarda şərait yoxdursa, onun tədrisindən danışmaq bir az çətin məsələdir. Amma cənab prezidentin yüksək texnologiyaların inkişafı ilə bağlı bir neçə sərəncamı var, ümid edirəm ki, tezliklə bizdə də çox yaxşı şəkildə həm laboratoriyalar, həm də tədris qurulacaq.

-Universiteti birinciliklə bitirdiyiniz üçün Türkiyə prezidenti ilə görüşmüsünüz. Bu görüşü necə xatırlayırsız?

-O gün çox həyəcanlı bir gün idi. Mənim heç ağlıma belə gəlməzdi. Mən burada cənab prezidentlə heç görüşməmişəm. Bir dəfə olub, o da videozənglə. Məktəbdə də çox aktiv gənc olmuşam. O vaxt məktəblərdə bir layihə var idi. Qazaxdakı məktəb də həmin layihəyə daxil idi və cənab prezident Qazaxa gəlmişdi. Hər məktəbdən bir uşaq videozəng vasitəsilə cənab prezidentlə görüşə bilərdi. Cənab prezident sadəcə mənlə danışmışdı. Amma üz-üzə heç vaxt görüşməmişəm. Türkiyə prezidenti ilə görüşmək isə mənə yuxu kimi gəlirdi. Diplom müdafiə etməli olduğum vaxtlar idi. Bakıya təzə çatmışdım. Günorta mənə mesaj gəldi ki, sabah mükafat alacaqsınız. Mən şokdaydım. Nə bilet var, nə bir şey. Tələsik halda bilet axtarmağa başladım. Əvvəl düşündüm ki, getməyim, bu qədər uzun yoldu, həm də prezidentin qızının toyu olacaqdı və həmin tədbirdə iştrak edə bilməyəcəkdi. Mənə demişdilər ki, o sizi sonra qəbul edəcək. Mən də demişdim ki, olar mən tədbirə gəlməyim, amma onun görüşünə gedim? Dedilər ki, mükafat ilk 20-liyə düşən tələbələrə veriləcək, siz gəlməsəz orada səhnəyə 19 nəfər çıxacaq və biz sizin yerinizə sizdən sonrakı tələbəni çıxarmalı olacağıq. 

Bununla da mən qərar verdim ki, mütləq getməliyəm. Ankaraya çatanda inanmırdım ki, mən gəlib bu tədbirə çata bildim. Tədbir Ankarada idi, amma birbaşa Ankaraya gedən təyyarə yox idi. Gecə saat 2 idi və mən İstanbula çatmışdım. 9-a 5 dəqiqə qalmış mən Ankarada avtovağzalda idim. Avtobus sürücüsünə dedim ki, çatmalıyıq 9-a kimi. Deyir, xanım, narahat olmayın, 10-da çatacayıq. Dedim ki, mən bu tədbirdən ötrü Bakıdan gəlmişəm e, qaçıra bilmərəm bunu heç bir halda. Girişdən girdim, səhnəyə çıxmaq üçün bizə xüsusi geyim verirdilər. Yadımdadı, çantamı atdım, başımdakını özüm qoymağa çalışırdım, xanımlar geyimimə yardım edirdilər. Mükafat almalı olanlar bir-bir səhnəyə çıxırdılar, mən də onların arxasıyca qaça-qaça. Alındısa belə, son anda alındı. Mən hər şeyi alındıra biləcəyimə inanan insanam. İnsan istəyirsə, inanırsa, olacaq. Yanımda kimsə deyəndə ki, bilirəm, alınmayacaq, amma filan layihəyə hazırlaşıram, mən ona deyirəm ki, səndə həqiqətən də, alınmayacaq. Hədəfləri hər zaman yüksək tutmaq lazımdır. Hədəfləri yüksək tutub oturmaq da olmaz, hərəkət eləmək lazımdır. 

-Ən çox təsirləndiyiniz və fərdi inkişafınıza səbəb olan şəxs, kitab və filmlər hansılar olub?

-Mənə ən çox təsir edən şəxs anam olub. Mən şanslı insanlardanam, ailəsinin dəstək verdiyi gənclərdənəm. Tanıdığım şəxslər var, xaricdə oxumaq istəyirlər, amma ailələri onlara maneçilik yaradır. Məndə bu maneələrin olmaması ilə yanaşı, həmişə dəstək də olub. Həm ailəm, həm dövlətimiz tərəfindən dəstək görmüşəm. Anamın təhsil sahəsində çalışmağı, anamın və atamın dəqiq elmlər sahəsində olması, bunlar mənə həmişə müsbət təsir edib. Mənəvi dəstək önəmlidir.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli


Yeni müsahibələri izləmək üçün