Anar Ramazanov: Zaminliyin əslində iki növü olsa da, banklar bunu gizlədirlər, Subsidiar zaminin öhdəlikləri birgə zaminlikdən xeyli azdır, 17.03.2017 1757

Anar Ramazanov: Zaminliyin əslində iki növü olsa da, banklar bunu gizlədirlər

Subsidiar zaminin öhdəlikləri birgə zaminlikdən xeyli azdır

-Anar bəy, indiyədək Mərkəzi Bankda və digər şirkətlərdə çalışmısınız. Öncə işlədiyiniz yerlər və əldə etdiyiniz nailiyyətlərdən danışaq

-Peşəkar əmək fəaliyyətim 12 ildən artıqdır. Həm dövlət, həm də xüsusi sektorda peşəkar əmək fəaliyyəti ilə məşğul olmuşam. Fəaliyyətə hüquq firmalarının birində başlamışam. Sonra növbə ilə ANS şirkətlər qrupunda hüquq məsləhətçisi, Nəqliyyat Nazirliyində baş məsləhətçi, Amerika Hüquqşünaslar Assosiyasında , Azərbaycan Respublikasının Mərkəzi Bankında, Ata Holdinqdə şöbə müdiri, Bank of Baku-da şöbə müdiri, Texnikabank-da hüquq departamentinin direktoru işləmişəm. 2016-cı ilin fevraldan başlayaraq şəxsi işimi qurdum. Hüquq xidmətləri, korporativ hüquq müşaviri kimi şirkətlərə hüquqi xidmət, şirkətlərin korporativ işlərinin aparılması kimi ən yaxşı bildiyim işlə məşğul olmağa başladım. Buna vəkillik fəaliyyəti də demək olar. Hələ ki, Vəkillər Kollegiyasının üzvü deyiləm. Amma sənədləri vermişəm, namizədəm. Məlum böhrandan sonra ölkədə hüquqşünasa ehtiyac artıb. Son 2 ildə savadlı hüquqşünasların hörməti, nüfuzu kifayət qədər çoxalıb. Savadsız, təqdimatı yaxşı olanlar isə bazardan çıxıb.

-Banklarla müştərilər arasında problemlər son zamanlar daha aktualdır. Bunun səbəbləri nədir?

-Bunun bir sıra səbəbləri var. Burada iqtisadiyyatın idarə edilməsindən, insanların şəxsi psixoloji şüuruna, düşüncəsinə kimi səbəblər var. Birinci, son illər ölkə rəhbərliyi, Mərkəzi Bankın rəhbərliyi səviyyəsində çıxışlarda belə, vəziyyətin bu hala gəlib çıxmasında bankları daha çox təqsirkar elan edirlər. Yəni, banklar vaxtında məsuliyyətli kreditləşdirmə siyasəti həyata keçirsəydilər, krediti ödəniş qabiliyyəti yüksək olan şəxslərə versəydilər, heç bir gəliri olmayan, hətta verdiyi arayışların saxta olduğu bilinən vətəndaşlara kredit verməsəydilər vəziyyət bu həddə gəlib çıxmazdı. İkinci və əsas səbəb insanların şüurunda, həyata yanaşmasındadır. Özlərinə aid olmayan pulları xərcləməyə öyrəşmək, yəni kredit kartları, kredit xətləri, insanlara verilən kreditlər, qazanmadıqları və layiq olmadıqları halda pulu rahat əldə edə bilmələri ona gətirib çıxartdı ki, insanlar düşünmədən borclandılar. Bu digər törəmə nəticələrə də gətirib çıxartdı, yəni işsizlik, depressiya, borca görə tutulmalar və sair. Hüquqşünas olaraq əsas səbəb kimi bu ikisini görürəm.

-Bir çox vətəndaşlar iddia edir ki, kredit alarkən banklar bir çox məlumatları ya gizlədir, ya da ciddi arayış vermədən üstündən keçirlər. Hansı məqamlardır bunlar və bunu etməkdə bankların marağı nədir?

-Mülki qanunvericiliyə görə, eyni zamanda bank qanunvericiliyinə görə bank vətəndaşla bağladığı kredit müqaviləsinin şərtlərini müfəssəl izah etməlidir. Hətta kredit müqaviləsinin sonunda şərtləri izah etməsiylə bağlı qeyd aparmalıdır, "şərtləri vətəndaşa izah etdim", vətəndaş da “başa düşdüm” deyə yazmalıdır. Qanunvericiliyə görə imzalanmış müqavilə, şəxsin üzərinə götürdüyü öhdəlik müqavilədə göstərilən qayda və şərtlərlə icra olunmalıdır. Vətəndaşın müqaviləni imzalaması o demək deyil ki, müqavilə dəyişdirilə bilməz. Burada bankların iki əsas məqsədini göstərə bilərəm . Birincisi qərəzli şəkildə olur, vətəndaşa təcili pul versinlər, bankın gəliri artsın və ya kredit verən əməkdaşın bonusu artsın deyə. İkinci səbəb isə qanunvericiliyi dərindən bilməməkdəndir.

-Hazırda ən çox rast gəlinən problemlərdən biri dollarla kreditlərin ödənişidir. Bəzən müştərilər krediti manatla alsalar da, sonra ödənişi bankların özünün dollara çevirdiyini deyirlər. Bankların buna hüququ çatırmı?

-Qanunvericilikdə və banklara verilən lisenziyada bankın digər valyutada kredit verməyi qadağan deyil. Yalnız dollarda verilən kreditlərin aylıq ödənişi dollarla nəzərdə tutula bilər. Yəni müqavilədə mümkün deyil ki, manatla kredit verib, cədvəldə aylıq ödənişi digər valyutada yazsınlar.

-Zaminlik məsələsi gündəmdədir. Ümumiyyətlə zamin duran şəxs hansı məsuliyyətləri daşıyır və kredit ödənmədikdə birdən çox zamin olarsa kreditin ödənməsi kimə yönləndirilir?

-Zaminliyin qanunvericilikdə iki növü müəyyənləşdirilir. Birgə və subsidiar zaminlik. Subsidiar adından göründüyü kim əlavə deməkdir. Subsidiar zaminlik odur ki, bank borcluya qarşı iddia irəli sürür, borclunu verir məhkəməyə, onun barəsində məhkəmə qərarı çıxır, ondan borc alına bilməsə iş çox uzanır. O halda bank gördükdə ki, borclu krediti ödəyə bilmir, subsidiar zamini məhkəməyə verə bilər. Birgə zaminin hüquqi baxımdan borcludan heç bir fərqi yoxdur. Borclu pulu ödəyə bilmədikdə əsas borc, faizi, məhkəmə xərcləri, dövlət rüsumu da zamin tərəfindən ödənməlidir. Problem ondadır ki, çox vaxt banklar zaminliyin növüylə bağlı vətəndaşa məlumat vermirlər. Birdən çox zamin olanda məsələ keçir kreditorun iradəsinə. Kreditorun hüququ var ki, 3 illik iddia müddətini buraxmadan borclunu, zamini, ya da zaminlərin hamısını məhkəməyə verə bilər.

-Bank qanunvericiliyində belə bir şey varmı ki, kredit alan ödəniş edə bilməyəcəyini bildikdə banka müraciət edəndə faizlərin hesablanması dayandırılır?

-Bu məsələ müqaviləylə tənzimlənir. Müqavilədə yazılsa ki, vətəndaşın birinci, ikinci məktubundan sonra onun faizləri dayandırılacaq onda faizlər dayandırıla bilər. Vətəndaşın iş qabiliyyətini itirməsi, müraciət edərək “xahiş edirəm müqaviləni saxlayın, ödəniş edə bilmirəm” deməsiylə qanunda faizlərin dayandırılması kimi bir şey yoxdur. Mülki qanunvericilik buna imkan vermir. Faizlər müqavilədə göstərilən şərtlərlə hesablanır. Faizlər bir halda dayandırıla bilər ki, vətəndaşla bank kredit müqaviləsində hansısa bir razılaşma imzalasınlar. Amma bu hal qanunda qadağan da deyil. Kredit ödəyənin vəziyyəti pisləşdikdə bankın borcudur ki, vəziyyətdən çıxması üçün real tədbirlər görsün. Yəni bura bank tərəfindən faizlərin hesablanmasının dayandırılması da daxil ola bilər.

- Vətəndaşlar iddia edir ki, banka borcla bağlı heç bir məhkəməyə çağırılmadan maaşlarından tuturlar. Maraqlananda bildirirlər ki, məhkəmə qərarıyladır. Proses bu şəkildə icra edilə bilərmi?

-Tam qanunsuz deyil. Qanunvericilikdə əmr icraatı deyilən bir proses var. Əgər əmr icraatında mübahisə yoxdursa və vətəndaşın banka borcu aşkardırsa, o zaman məhkəmə o işə iddia qaydasında deyil, əmr qaydasında baxır. Məhkəmələr əmri ən geci 3 günə çıxarır. Buna görə texniki baxımdan vətəndaşı məhkəməyə çağırmaq mümkün deyil. Əmr də məhkəmə qətnaməsinə bərabər tutulan bir sənəddir. Əmr çıxıb, qüvvəyə mindikdən sonra göndərilir icraya. Məsələ çox qısa müddətdə olur. Əgər vətəndaşa məlumat verməyiblərsə və ya veriblər ama həmin ünvanda olmayıbsa, o halda vətəndaş məhkəmə qərarını gedib məhkəmədən götürüb, qəbzi imzalayıb həmin qərardan şikayət verə bilər. O halda əmək haqqından pul tutulmaları müvəqqəti də olsa dayandırıla bilər.

-Anar bəy, bəzi hallarda borc alan krediti ödəyir, kiçik məbləğ qalır. Bir müddət sonra isə bankdan zəng edib 100 manatdan çox borcu qaldığı bildirilir. Vətəndaşlar belə hallarla qarşılaşmamaq üçün hansı addımları atmalıdır?

-Vətəndaş kreditini bağladısa, birinci addım kimi həmin bankdan kredit hesabından çıxarış alsın, hesabdan çıxarış alanda orda yekun dövriyyə qalığı 0 göstərilməlidir. Bundan əlavə bankdan rəsmi məktub ala bilər. Bir qayda olaraq bankın verdiyi məktublar, çıxarışlar üçün bank komisyon haqq ala bilər. Üçüncü hal isə vətəndaş borcunu bağladığı aydan sonrakı təqvim ayının 5-ci və ya 6-cı iş günündə yaxınlaşsın mərkəzi kredit reyestrinə və oradan özünə aid çıxarış alsın. MKR – dən çıxarışda da borcu 0 göstərilməlidir.

-Xaricdən kimsə beynəlxalq köçürmə xidmətləri ilə dollar göndərir, amma vətəndaş bankdan pulu dollarla götürə bilmir. Bankların həmin vəsaiti eyni valyutada təqdim etməmək hüquqları varmı?

-Sürətli pul köçürmə xidmətləri var. Sürətli pul köçürmələrin mahiyyəti ondan ibarətdir ki, dünyanın istənilən yerində olan vətəndaş həmin valyutada pulu əldə edə bilsin. Bu sistemə qoşulan banklar buna əməl etməlidir.

-Banklar kredit alanlara müxtəlif kartlar paylamışdılar. Bu kartlarla alış-veriş edirdilər və balansın manatla olduğu deyilmişdi. Sonradan ödənişlər dollar hesabı ilə tələb edilməyə başlandı. Bu nə dərəcədə doğrudur?

-Birincisi kredit kartları, kredit xətləri bank qanunvericiliyində  kreditə bərabər tutulur. Sadəcə bunun banka ödənişi fərqlidir. Kredit kartı veriləndə yazılı müqavilədə kredit xəttinin valyutası mütləq göstərilməlidir. Bəzi hallarda əgər vətəndaşla bank arasında belə razılaşma olubsa, valyutada fərqlilik ola bilər.

 

Əsmər Qabil

Foto: Seymur Kərimli