Anar Nəcəfli:  Qəzanı görəndə, həqiqətən də, çox qorxdum, iki gün özümə gələ bilmədim., "Bir ildən artıq müddətdə öz sahəm üzrə heç yerdə çalışa bilmədim, fəhlə kimi tikintidə çalışmağa başladım", 17.03.2017 753

Anar Nəcəfli: Qəzanı görəndə, həqiqətən də, çox qorxdum, iki gün özümə gələ bilmədim.

"Bir ildən artıq müddətdə öz sahəm üzrə heç yerdə çalışa bilmədim, fəhlə kimi tikintidə çalışmağa başladım"

-Anar bəy, televiziya jurnalistikasında ən çox tanınan şəxslərdən biri oldunuz. Əlbəttə ki, buralara gəlib çatanadək uzun, çətin bir yol keçmisiz. Jurnalistikaya gəlişiniz və yüksəlişiniz necə baş verdi?

-1998-ci ildə BDU-nun Jurnalistika fakültəsinə qəbul oldum. Orada təhsil aldım. Təbii ki, ondan öncə orta məktəbdə müəyyən tədbirlərimiz olurdu, həmin tədbirlərdə çıxış edirdim. Yəni, bu sahəyə məktəb illərindən marağım var idi. Universitetdə təhsil aldığım müddətdə təcrübə qazanmaq üçün müxtəlif radiolarda, qəzetlərdə işləyirdim. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollandım. Qayıdanda demək olar ki, bir ildən artıq müddətdə öz sahəm üzrə heç yerdə çalışa bilmədim. Jurnalistika sahəsindən kənar, fəhlə kimi tikintidə çalışmağa başladım. ANS televiziyasında işləyən tanışlarım, qrup yoldaşlarım var idi. Onlar dedilər ki, həmin televiziyaya müxbir axtarılır. Bir müddət orada pul almadan, təcrübəçi kimi müxbir olaraq çalışdım. 4-5 aydan sonra qanuni olaraq maaşlı müxbir kimi işimə “İç xəbər” verilişində davam etdim. Demək olar ki, 4 ilə yaxın müddətdə orada əvvəl müxbir, sonra aparıcı kimi işlədim. 4 ildən sonra “Burc fm” radiosunda xəbərlər aparıcısı olaraq davam etdim. Daha sonra Xəzər televiziyası yarandı. Xəzər TV-nin gündüz xəbər buraxılışına keçid aldım. Həm müxbirlik edirdim, həm aparıcılıq. Burada da bir müddət çalışdıqdan sonra işimə əsas xəbər buraxılışının aparıcısı olaraq davam etdim. Orada da 8 il çalışdıqdan sonra televiziyadan ayrıldım.

-Hər jurnalistin fəaliyyətində maraqlı, təəccüb doğuran hadisələr baş verir. Sizin ən yadda qalan xatirəniz nəylə bağlıdır?

-Xatirələr çoxdur, əslində. Mən birdən-birə gəlib aparıcı olmamışam. Xeyli əziyyət çəkmişəm. Əziyyət çəkib müxbir olmuşam, əziyyət çəkib aparıcı olmuşam, əziyyət çəkib bütün mərhələləri keçmişəm. Birdən-birə gəlib hər hansısa bir işdə oturmamışam. Bütün bu mərhələlərin əziyyəti də olub, xoş günləri də olub, təəccübləndirici hadisələri də olub. Amma mənim üçün ən yadda qalan hadisə məni təəccübləndirməmişdi, qorxutmuşdu. ANS televiziyasında yeni idim, hələ təcrübəçi kimi çalışırdım. Gecə vaxtı qəza baş vermişdi. Məni oraya göndərdilər. Qəzanı görəndə həqiqətən də, çox qorxdum. İki gün özümə gələ bilmədim. Doğrudur, kiminsə yanında təcrübəçi kimi işə çıxırdım. Amma həmin gecə ilk dəfə idi ki, sərbəst olaraq məni çəkilişə göndərirdilər və o gecə qarşılaşdığım mənzərə bu günə kimi mənim beynimdən, fikrimdən çıxmır. 

-Fəaliyyətinizdə ən çox stimul aldığınız, güc qaynağınız nə olub? Yəni, belə desək, uğurlarınızı nəyə borclusuz?

-Uğurlarımı elə özümə borcluyam (gülür). Düzdür, dəstək lazımdır. Dəstək olanda məqsədə daha tez çatmaq olur. Amma insan öz üzərində çalışsa, öz qarşısına hər hansısa bir məqsəd qoyub o istiqamətə doğru kənara çəkilmədən eyni xətt üzrə hərəkət etsə, dəstək olmadan da uğur qazana bilər. Mən hələ də qarşıma müəyyən məqsədlər qoyuram. Jurnalistika sahəsi elədir ki, öyrəndikcə öyrənməyə davam edirsən. Hal-hazırda tam olaraq jurnalist kimi fəaliyyət  göstərməsəm də, yenə də yazılarımız, süjetlərimiz, müsahibələrimiz olur. Deməzdim ki, mən jurnalistikadan kənarlaşmışam. Bu sahədə hələ də nələrisə öyrənirəm.

-Bir insanın karyerasında irəliləməsi üçün iş yerində sizcə hansı imkanlar, idarəetmə metodları olmalıdır?

-Elələri olur ki, hər hansısa bir sahə üzrə təhsilini bitirir və düşünür ki, mən yalnız bu ixtisasda çalışmalıyam. Başqa sahə üzrə iş olanda belə, ardınca getmir. Hər hansısa bir nöqtəyə, bir zirvəyə  gedib çatmaq üçün müəyyən yollardan keçmək lazımdır. Qarşına məqsəd qoymusansa, ona çatmalısan. İstəyir kənar yolla olsun, istəyir düz yolla. Universiteti bitirirlər və gözləyirlər ki, kimsə onlara iş təklif etsin. Bu nadir hallarda baş verir. Özün təşəbbüs göstərib özün irəli getməlisən. Nə olsun ki, mən ali təhsilliyəm və fəhlə işləyirəm? Qəbahətdirmi? Əsas olan, hər bir işdə öz gücünü göstərib irəli getməyi bacarmaqdır.

-Çətin insanlarla necə ünsiyyət qurursuz?

-Səbr edirəm, amma özümdən çıxdığım anlar da olur. Jurnalistika sahəsi elədir ki, hissləri cilovlamağı, emosiyalara qapılmamağı bacarmaq lazımdır. Çox insanlarla ünsiyyətdə olursan, biri yaxşıdır, biri pisdir. Hamısını yaxşı mənada yola verməyi bacarmaq lazımdır. Bu, birbaşa vəzifə borcudur. Nə qədər çətin olsa da, öz işinin xatirinə bunu etməlisən. Adamı əsəbiləşdirən çox insanlar olur, amma tez bir zamanda özümə gəlirəm və işimə davam edirəm.

-İndiki işiniz elədir ki, ölkədə çəkilən bütün avtomobil yolları, tikinti yerləri haqqında məlumatlı olmalısız. Bu işiniz televiziyadakı işlə müqayisədə asan ya çətindir? Sizcə, hansı daha məsuliyyətli işdir?

-Hər bir iş çətindir, hər bir iş məsuliyyətlidir. İstəyir adi işçi, istəyir rəhbər işçi olsun. Mənə görə isə hazırkı işim daha çətindir. Müxtəlif xarakterli insanlarla ünsiyyətdə oluram. Gün ərzində o qədər insan müraciət edir ki, hər birinə normal ünsiyyət çərçivəsində dolğun məlumat verməli oluram. Aparıcılıq elədir ki, sadəcə operatorlar, xəbərlər departamenti və oranın əməkdaşları var, vəssalam. Yəni, sadəcə onlarla ünsiyyət qurub aparıcılıq və ya müxbirlik edirsən. Doğrudur, orada auditoriya genişdir. Mənim görmədiyim auditoriya. Ancaq indiki işimdə isə mənim gördüyüm auditoriya daha çoxdur. Buna görə də indiki işim mənə görə daha məsuliyyətli və daha çətindir.

-Yəqin ki, ictimai yerlərdə sizi çox yaxşı tanıyırlar. Məşhurluq sizə daha çox fayda verib yoxsa, işinizi çətinləşdirib?

-Deməzdim ki, işimi çətinləşdirib. Əslində, müəyyən səviyyəyə qədər insan öz adına işləyir. Müəyyən mərhələdən sonra isə ad insana işləməyə başlayır.

-Yolda və ya haradasa olubmu ki, kimsə sizə yaxınlaşsın və şəkil çəkdirmək istəsin? Belə olanda həmin adamlara münasibətiniz necə olur?

-Artıq neçə ildir ki, aparıcı olaraq televiziya sahəsindən uzaqlaşmışam. Amma yenə də məni əsasən, Xəzər TV-nin aparıcısı olaraq tanıyırlar. Əvvəllər belə hadisələr olanda bir az özümdən çıxırdım, narahat hiss edirdim. Hara gedirsən, səni görürlər, tanıyırlar, istər-istəməz sənin fikrin qalır onlarda. Onlar öz aralarında “pıç ha pıç” nələrsə danışırlar. Narahatlıq hissi bürüyür insanı. Amma indi normal reaksiya verirəm.

-Sizcə, necə xarakterli bir insansız? Yəni, kənardan görünən Anar Nəcəfli ilə gerçək Anar Nəcəfli arasındakı fərqlər hansılardır?

-Çətin sualdır. Mən hər işimdə çalışmışam ki, yaxşını daha çox qabardım. Etiraf etmək lazımdır ki, hər nə qədər müsbətə doğru işlər görülsə də, problemlər yenə də qalmaqdadır. Bəzən olur ki, xırda bir problemi elə qabardıb böyüdürlər ki, bu adamı əsəbiləşdirir. Bunun belə olmadığını, əslində başqa cür olduğunu isbat etməyə çalışırsan, amma kənardan səni tamam başqa cür anlayırlar. Deyirlər ki, sən burada işləyirsən, ona görə tərifləyirsən. Amma əslində, həqiqətən də, elə deyil. Mən düzü düz demişəm, əyrini əyri. Məhz bu cəhətdən bəzi insanlar məni kənardan yanlış anlaya və başqa cür görə bilərlər. Mən həmişə çalışıram ki, işdə də, evdə də, hər yerdə eyni cür olum, özüm olum, Anar olum və kənara çıxmayım.

-Övladlarınızın hansı peşəyə yiyələnməsini arzu edərdiz?

-Bəziləri deyir ki, istəyirəm övladım müğənni olsun, jurnalist olsun, hərə öz peşəsinə yönəldir. Amma mənim bu mövzuda konkret olaraq arzum yoxdur. Öz ixtiyarlarına buraxmaq ən doğrusudur. Hansı peşəni istəsələr, onun da sahibi ola bilərlər. Əsas odur ki, öz istəklərinə uyğun olsun. Onların beyninə “sən jurnalist olmalısan, sən həkim olmalısan, sən hüquqşünas olmalısan”-deyə fikirlər yeritmək lazım deyil, mənasızdır. Heç düzgün də deyil. Çünki sənin dövrünlə uşağının dövrü tamam fərqlidir. Yəni, sənin uşağın sən istəsən də, sənin olduğun kimi ola bilməz.

 

Ayşən Rəhimova

Foto: Seymur Kərimli