İlahiyyatçı Ağa Hacıbəyli: "Valideynlər övladlarının könül dünyasına enməli, daha yaxından tanımalıdırlar ki, onlar radikal-dini qruplarin təsirinə düşməsinlər", Ramazan orucunu pozan şəxs ya 60 gün oruc tutmalı, ya da 60 fəqir-füqəranın qarnını doydurmalıdır, 12.06.2017 437

İlahiyyatçı Ağa Hacıbəyli: "Valideynlər övladlarının könül dünyasına enməli, daha yaxından tanımalıdırlar ki, onlar radikal-dini qruplarin təsirinə düşməsinlər"

Ramazan orucunu pozan şəxs ya 60 gün oruc tutmalı, ya da 60 fəqir-füqəranın qarnını doydurmalıdır

-Ağa bəy, Ramazan ayının başlaması ilə insanların orucumu pozar-pozmaz deyə tərəddüt etdikləri məqamlar daha çox hansılardır və belə anlarda dinin buyurduğu qaydalar nələrdir?

-Rəhman və Rəhim olan qadir Allahın adı ilə. Ramazan ayı allahın ayı olaraq Qurani Kərimdə Şəhrullah ismi ilə keçir. Yeganə aydır ki, adı Quranda zikr olunur. Bu ay 29-30 gün olmaq şərtilə hər bir müsəlmanın oruc tutması, allaha ibadət və itaət etməsi vacib bir əmrdir.Təbii ki, müsəlman həmişə allaha ibadət etməlidir, ancaq bu ayda özəl bir ibadət də ortaya çıxır. Dinimizin özəl gördüyü, təməl əsaslara söykənən oruc kimi möhtəşəm ibadəti, ən böyük zikr sayılan bədənin zəkatı hədislərdə bu şəkildə vurğulanır. Təbii ki, dünyada 6 milyard insanın 2 milyarda yaxınına Allah səslənir. Çünki, Quran bu məsələni Ey iman edənlər! deyə söyləyir. Bu o deməkdir ki, Allaha etibar edənlər, etimad göstərənlər, yaradanı tanıyanlar, tanıyıb qulluq etmək istəyənlərə səslənir ki, bu ay oruc tutun və oruc tutduğumuz zaman da bizə verilən mesajlar var. Çünki insan 10 saatdan artıq ac qaldıqda qanı təhlil olunduqda oruc tutduğu bilinir. Yəni, bu insanın qanına, imanına, irfanına qədər təsir edən çox özəl zikr formasıdır. Ancaq orucu pozan amillər də var. Bizim böyüklərimiz kitablarında orucu 3 əsas qismə bölürlər. Birinci “avamın orucu” deyə bir ifadə var. Yəni hər kəsin tuta biləcəyi sahurdan iftara qədər yeməkdən, içməkdən, cinsi münasibətdən imtina edən insanlar bu müddət ərzində bunlardan çəkinirlər. İkinci mərhələ orucun daha məhsuldar, dərin bir tərəfidir. Burada orucun əzalara tutdurulması deyə bir anlayış var. İnsan olaraq üzərimizdə əmanət əzalar daşıyırıq. Yəni, bu əzaların da orucu var. Göz insanın könlünün aynasıdır. Gözün orucu o deməkdir ki, gözümüz vasitəsiylə gözəl aləmdən götürə biləcəyimiz Quranın ayələrini oxumağımız, sətirlərin içərisində Quran bağçasını seyr etməmiz bizə özəllik verir. Bizə qoxulama imkanı verən tanrımız ancaq gözəl qoxuları qoxlamağa imkan verir. Bu baxımdan insan bəlkə də Ramazan ayında fərqli qoxunu hiss edə bilər. Əgər buruna oruc tutdurarsa, gerçəkdən Nəbilər sultanının qoxusunu ala bilər, həqiqətən Quran bağçasına girə bilərsə fərqli qoxular duya bilər. Üçüncü isə “qəlbin orucu” deyə bir anlayış var. İnsan ruhunun, düşüncəsinin, xəyalının orucudur. Bu o deməkdir ki, insan xəyallarına belə günah fikirlər gətirməyəcək. Orucu pozan amillər dediyimiz zaman insanın yeməsi-içməsi orucu pozar. Əgər dilinə oruc tutdurubsa qiybət edirsə, gözünə oruc tutdurub haramlara baxırsa təbii ki, bu insanın orucunun bir yöndən şikəst olmasına gətirib çıxarar. Ac, susuz qalmaq orucun əmrlərindən biridir, birinci şərtidir, amma allah dərgahında insanın ac, susuz qalması oruc sayılmaz. Orucu pozan amillərdən bəzi dərmanları da qeyd etmək olar. Məsələn, burundan, qulaqdan içəri gedəcək dərmanlar. Gözə tökülən dərman orucu pozmaz. Ümumiyyətlə orucu xəstə insanlar tutmazlar. Müsafirlər ölkələrinə qayıtdıqları zaman günə-gün qəza edərlər. Xəstə insanlar da şəfa tapdıqdan sonra dərhal oruclarına başlamalıdırlar. Orucumuz bizə verilən bir əmanətdir. Çalışacağıq ki, bir ayın orucunu doğru tutaq. Səmimi olaq bu işdə. Çünki yaradan 11 ay bizim işimizə qarışmır. Amma bu ayda görmək istədiyi bir süfrə var, qullarını utandırmaq istəmir. İnsan allahdan həya edər, həya etməlidir. Bugün cəmiyyətdə hələ də oruc tuta bilməyən insanlar varsa, bu insanlar bəlkə də din adamlarının zamanında dini yaxşı izah edə bilmədiklərindəndir. Bu halda məsuliyyət də din adamlarının üzərinə düşür. Kimisə qınamaq fikrində deyiləm. Amma biz bir cəmiyyətik, bir ailəyik. Azərbaycan ailəsindən söhbət gedir. Öz millətini, vətənini sevən bir insan o ruhu daşıyan insanların da günaha girməsini istəməz. Əgər bir insan allahın əmrinə sədaqət göstərmirsə qadınına sevgi göstərmirsə, böyüyünə sayğı göstərmirsə başqalarına sevgisi, mərhəməti sual altındadır.

-Hansı hallarda oruc tutulmaması qəza sayılmır?

-Orucun qəzaya gedə biləcəyini Quran iki kateqoriyaya bölür. Birinci qrup insanlar müsafirlərdir. Ölkəsindən kənara çıxan sahura qalxa bilmir, iftarını edə bilmir. Bu insanlar müsafirlikdən dolayı rahat bir həyat şəraiti olmadığına görə Allah belə ağır əmanəti həmin insanlara yükləməz. Rəbbimiz hansı əmri verirsə insanın lehinədir. Çünki insanı özü üçün yaradıb, həyatda kainatda nə varsa insan üçündür. Səfərə çıxan bir insan da Rəbbin mehmanıdır. İkinci xəstə insanlardır. Bir də qəzanın bir tərəfi var. Ramazan ayında bir günün orucunu məqsədli şəkildə yeyən insanın üzərinə kəffarə gəlir. Dindəki kəffarələr çox qəribədir. Peyğəmbərin dövründə insanı dünyaya olan qulluqdan azad etmək ən özəl prinsiplərdən biri olub. Nə zaman kəffarədən bəhs olunursa, arxasında bir qulu azad eləmək var. Ramazan ayında da bilərəkdən orucunu pozan bir insanın boynuna kəffarə gəldiyinə görə onu yerinə yetirməlidir. Deyərsiniz ki, bugün cəmiyyətdə qul yoxdur, quldarlıq yoxdur. Amma bugün nəfsinin qurbanı olmuş o qədər insanlar var ki. Dinin təyin etdiyi burada bir insanı alıb azad etməkdir. İkinci 60 fəqir-füqəranın qarnını doyurmaqdır. Üçüncü isə təbii ki, 60 gün oruc  tutmasıdır. Eyni zamanda həmin günün də qəzasını edir. Və üzərinə 60 gün də kəffarə gəlir davamlı. Çünki insan elə bir şərtlə qarşı-qarşıyadır ki, orucu pozma ehtimalı olmur. Allaha əhd edir. Bir insan Ramazan ayının hər hansı günündə  orucunu pozarsa qalan bütün ömrünü  oruc tutsa belə həmin günün feyzini, fəzilətini, məziyyətini əldə edə bilməz. Çünki o gün özəldir.  

-Ramazanın sonuna doğru fitrə sədəqəsi toplanacaq. Sizcə bir nəfər üçün fitrə sədəqəsi günümüzün şərtlərinə görə nə qədər olmalıdır?

-Biz fitrə sədəqəsinin təyinatını həmişə dini idarədən alırıq. Bu il bu məsələnin üzərində dayanılmadığına görə pul miqdarını deməyək. Amma şəriətdə hər bir coğrafi bölgənin ehtiyac duyduğu qida məhsulları var. Məsələn elə bölgələr var ki, düyü orada şahdır, elə yer var ki, un. Bölgədən bölgəyə dəyişir. Bu baxımdan 2,5 kq civarında ya taxıl, kişmiş, xurma və ya başqa qidalar. Deyə bilərsiniz ki, qiymətləri fərqlidir. Şəriət yenə burada bir qapı açır. Nəyi yeyirsənsə ondan yedizdirəcəksən. Ola bilsin ki, kiminsə imkanı var, onun sahur yeməyi daha fərqli olur. Elə insanlar var ki fəqirdir, səhər süfrəsində az qida var. Yəni az olan az miqdarda öz ailəsinin büdcəsinə görə, eyni zamanda zəngin insan da öz büdcəsinə görə davranacaq. Ən aşağı  2.5 kq düyü, xurma və ya kişmişin qiyməti müqabilində ailənin hər fərdinə pul ayrılır. Mümkündür ki, 5-10 nəfər bir araya gəlsin. Bir şəhid ailəsinin, qazi ailəsinin yükünü irəli çəkməyimiz yaxşı olar. Ola bilər kimsə fərdi yardım edir, amma bir də var ki, bir çox insanların bir araya gəlib topladığı məbləğ bir övladımızın təhsil haqqı edə bilər və ya ala bilmədiyi qida, paltar ola bilər. İslamın hədəflədiyi fitrə sədəqəsi əslində fəqir insanların da növbəti ildə zənginləşib onların da fəqirlikdən xilas olması və verən əl olması kimi dəstəklənir. Çünki sevgili peyğəmbərimiz öyrədib ki, verən əl alan əldən daha xeyirlidir. Alan əl xeyirsizdir demir. Sadəcə verən əl daha xeyirli olur.

-Bəzən sosial şəbəkələrdə, saytlarda gözəoxşayan dizaynda insanları özünə çəkmək üçün radikal mesajlar yayırlar. Bunları oxuyanlar hər zaman onların doğruluğunu yoxlamaq imkanı olmur. Belə məqamlarda insanlara səhvə yönəlməmək üçün nələri tövsiyə edirsiniz?

-Mömin insan aldatmaz, həm də aldanmaz. Bizim xalqımız 20 il əvvəlki xalq deyil. Millət öz dövlətini qurmuş, milli-mənəvi dəyərlərinə sarınmış, bu yolda böyük yol keçmiş xalqdır. Ancaq gənc nəsil içərisində əcdadın yolunu getməyən, o yeri boş saxlayan  milli mənəvi dəyərlərdən kasıb qalmış, amma  yalnış təbliğatın, uçurumların qurbanı olmuş insanlarımız var. Bəlkə bu da bizim xətalarımızdan biridir. Zamanında biz övladlarımıza əl uzatsaq, onların fikir dünyasına, düşüncə aləminə yönələ bilsəydik, qardaş deyib bağrımıza basa, bacı gözüylə görə bilsəydik yəqin ki, o insanlar yalnış təbliğatın qurbanı olmazdı. Bugün ölkəmizə kənardan gələnlər din adına insanlarımızı radikalizmə  və islamafobiyaya, dindən soyutmağa, milli dəyərlərdən uzaqlaşdırmağa bütün bu fikirlər  nə olur olsun istər milli dəyərlərə, istər mənəvi dəyərlərə yönəlmiş olsun məqbul görmürəm. Tövsiyəmiz odur ki, quranımızın mesajları insanı radikal etmir, nə də insanı tənbəllik döşəyində yatızdırmır. Quranın ilk mesajı  Oxu! ilə başlayır. Hər gün hər insan oxu anlayışını beyninə yerləşdirməlidir. Rəbbimiz hər gün oxumağımızı istəyir, hər gün oxumalı yenilənməliyik. Və bu düşüncənin içərisində olan insana heç bir xarici güc təsir edə bilməz.

-İnternet geniş informasiya məkanıdır. Burada insanların dinlə bağlı doğru bilgi əldə etməsi üçün tövsiyə edəcəyiniz dini resurslar varmı?

- İnternet bir  yönüylə dərin xəzinə, digər tərəfdən dərin bir bataqlıqdır. Çağımızın bəlkə də böyük rəhmət qaynağıdır, bir tərəfdən də bəla yumağıdır. Minlərlə saytlar var. Tövsiyə edəcəyim bir şey yoxdur, ancaq süzgəc olaraq deyəcəyim var. Gənclərimiz çalışsınlar ki, dini biliklərini Qurandan öyrənsinlər. Bugün ölkəmizdə xüsusi televiziya kanalları var, dini proqramlar verilir. Çalışsınlar ki, dövlətin açdığı kanallara baxsınlar, orada daha doğru din təbliğ olunur. Hər şeydən öncə aldıqları bütün informsiyaları Quran laboratoriyasından keçirsinlər. Bu çox mühümdür. Gənc birdən-birə analiz edə bilmir. Qarşısına bir məqalə və ya video-çarx çıxır.  Ola bilsin ki,  onun duyğularına təsir edir, növbətiyə dəvət edirlər və gənc bu tələni quranların ovcuna düşər. Qayıdıb çıxması çox çətin olur. Valideynlərin üzərində böyük məsuliyyət olduğunu düşünürəm. Atalar, analar böyük mənəviyyat yükünü daşıyan insanlardırlar. Tərbiyə vermək Allahın varlığını, birliyini övlada anlatmaqdır. Çünki tərbiyə sözündə Rəbbi tanıtma sənəti dayanır. Bu vəzifə valideynlərin üzərinə düşür.

-Hələ də bəzi bölgələrdə qara parçanı ağacın başına keçirib ələm adı ilə mərasimlər təşkil edir və insanlardan bu yolla pul yığırlar. Bu məsələnin dini bir əsası varmı?

-Qara parçaları ağaclara sarımaq, məscidlərin divarlarında dəmirlərə bağlayıb niyyət etmək bir müddət olub. Hətta şəhərimizin mərkəzi məscidlərinə qədər gəlib çıxmış bir adət idi. Yalnış bir adət idi. Ancaq  insanların fitrətində bir din var, insanlar Allahı sevərlər. Doğru təlimat olmadığına görə insanlar yalnış yollardan istifadə ediblər. Bunlardan biri də qara bağlamaqdır. Biz qara bağlayan bacı və qardaşlarımıza demək istərdik ki, bunun bir əhəmiyyəti yoxdur. Ağaca  qara bağlamağın, məscidlərə qəndlərin qoyulmasının bir mənası yoxdur. Heç bir şey eləməz onlar. Şamların yandırılması nəsə həll etmir. Önəmli olanI Qurani-Kərim söyləyir, insan üçün həyatda nə qədər çalışdığı var, onun müqabilində qazandığı var. Nəsə əldə etmək istəyirsənsə zəhmət çəkmək, alın təri çox önəmlidir. Əl qabarı çox önəmlidir. Bir insan nə qədər çox çalışacaqsa Allah ona qapı açacaqdır. Əsas olan odur ki, sən hədəfinə doğru yönlənəcəksən və istədiyin  zirvələri fəth etmək üçün Allahdan yardım istəyəcəksən. Bu zaman Rəbbim insana yardımçıdır.

-Xurafatçılar dində musiqi, rəsm, əyləncəni inkar edir. Bunları nə ilə əsaslandırırlar?

-Ümumiyyətlə xurafatda, cəhalətdə bu anlayışlar həmişə var. Cəmiyyət nə qədər inkişaf etsə də hər mədəniyyətin daşıyıcıları arasında geri qalmış insanlar olur. Ola bilsin bilgili insandı, amma inamında, etiqadında elə xurafi şeylərə meyllidir. Bugün vəzifədə çox insan var ki, çox sadə, bəsit şeylərə, dində xurafatçı fikirlərə çox inanırlar. Bəlkə də xurafata daha çox inanır, nəyin ki, Allahın əmrinə. İnsanlarımızı xurafatdan qurtarmanın yeganə yolu doğru dini, islamı məktəb, mədrəsə, universitetlərdə, ailələrimizdə övladlarımıza öyrətməyimizdir. Ailə bir məktəb olsa, öz dəyərlərini övladlarına təlim etsə, yardımçı olsa belə xurafi fikirlərə, radikal fikirlərə getməzlər.

-Yuxularla bağlı dinin hökmü nədir? Nəyisə işarə edən yuxuların dini əsası varmı?

- Bir insan ömrünün təqribən 4-5 ilini yuxuda keçirir. Yuxu bizdə röya adlanır. Röya ərəb mənşəli sözdür, görmə mənasını ifadə edir. Ra felidir. Yuxuda görmə. Amma insanın hər gördüyü də gerçək olmaz. Ümumiyyətlə görülən yuxuların dində iki cür ifadəsi var. Birinə təbir deyilir, digəri isə təvirdir.Təbir sözü abbərə sözündən götürülüb, mənası bir yerdən başqa yerə köçməkdir. Həqiqətə gedən yol deməkdir. İnsan bir yuxu görür, yuxunun da şifrəsi var. Hər kəs gördüyü yuxunu təbil edə bilməz. Röyanın da şifrələri var. Onu bilən, kodları anlayan adam təbii ki, yuxunu daha doğru təbil edə bilər.Yuxular islamda peyğəmbərimizin 40 yaşı dövründə 6 aya yaxın gördüyü yuxular olur. Buna sadiq röyalar deyilir. Peyğəmbərlər doğru görərlər. Qurani Kərimdə Yusif peyğəmbər var. O da yuxu təbil etməkdə gerçəkdən bir dahi insan idi. Ancaq yuxuların görülmə anı var. İnsan axşam 11- də bir kabus görərsə, islam bunu yuxu saymır. Röya deyilən gerçəkliyin anı sübh namazından yarım saat, bir saat əvvəl civarında görülən yuxudur. Çünki insan yatıb bədən dincəlib, beyin rahatlanıb. Bu cür yuxular da iki qismə bölünür. Yuxular var ki, kabusu xatırladır, yuxular var ki, lütfü ifadə edir. O yuxular ki rəbbani yuxulardır, onlar insana rahatlığı nəsib edir. İnsan var ki, gördüyü yuxunun altında əzilər. Amma insan yuxuların təsiri altında qalmamalıdır. Gerçəkləşdirən Allahdır. Dinimiz yuxu dini deyil. İnsan gördüyü yuxunu topluma tətbiq edə bilməz. Bəzi insanlar var ki, axşam yatır nə görür, səhər onu tətbiq edir. Onlar gərgin adamlar olur. Gün ərzində gərginlik yaşayırlar.

-Azərbaycanda dini radikalizmə qarşı maarifləndirmə hansı səviyyədədir?

-Son illərdə dini radikalizmə qarşı Azərbaycanda çox tutarlı addımlar atıldı. Bəlkə də ilk illərdə atılan addımlar yetərli sayda deyildi. Çünki, bu millətin övladlarının arasından hətta bir nəfəri belə radikalizmə düşübsə, bu bizim zamanında doğru atmadığımız addımın nəticəsi olub ki, kənar güclər millətin övladını əlimizdən alıb. Doğru dəyərlərin, doğru zamanda təbliği çox mühümdür. Bu bir əmrdir. Hər kəs olduğu yerdə dəyərlərin təbliğinə, maarifləndirmə yolunda olursa bu  allaha bir dəvətdir. Çünki insanları doğruya, vəfaya çağırırsınız. Din bunu istəyir. Dinə inanıb bu dünyada zərər görən insan olmayıb. Qurani Kərim söyləyir ki, zərər görənlər həmişə dinsizlər olub. Ən böyük bəla və müsibətlərə onlar düçar olub.

 

Əsmər Qabil

Foto: Nəcəf Nəcəfli